Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.
Dövlət başçısı İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə İran Prezidentinə və xalqına təbriklərini çatdırdı və uğurlar arzulayıb.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olub və bununla bağlı rəsmi açıqlamalar verib. Azərbaycan Prezidenti sanksiyaların götürülməsindən bir daha məmnunluğunu bildirib.
Məlumata görə, İran Prezidenti Həsən Ruhani təbriklərinə və xoş sözlərinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını çatdırdı və əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
Daha sonra , Dövlət başçıları ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı, enerji məsələləri, ölkələrimizin dəmir yollarının birləşdirilməsi, Astara-Astara dəmir yolu xəttinin çəkilişi, investisiya layihələrinin icrası və digər məsələləri müzakirə etdilər.