Prezident Füzulidə 2 müəssisənin açılışını edib
12.11.2016 910 0.0 0
 

Füzuli rayonunda “Azərxalça” ASC-nin ilk filialının - xalça kombinatının açılışı olub.

Məlum olduğu kimi, Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub, milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, böyük diqqətə səbəb olub. Azərbaycan xalçalarının ta qədimlərdən başlayan şöhrəti bu gün yeni layihələrlə zənginləşir. Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması da məhz bu amildən qaynaqlanıb. ASC-nin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, istehsalatda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

İqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, ilkin mərhələdə “Azərxalça” ASC-nin Füzuli rayonu ilə yanaşı, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ rayonlarında da filiallarının yaradılması nəzərdə tutulub. Hazırda bu rayonlarda filial binalarının tikintisinə başlanılıb. Yerlərdə “Azərxalça”nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib, işçi potensialının müəyyənləşdirilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb.

“Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verib.

Bildirildi ki, Horadizdə yaradılan filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağ xalçaçılıq məktəbini təmsil edəcək. Filialın ümumi sahəsi 586 kvadratmetr olan binasında 150 toxucu, 10 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və digər bölmələrdən ibarətdir. Emalatxanada 150 toxucu müxtəlif ölçülü 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxuyacaq. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

Dövlət başçısı kombinatın işçiləri ilə söhbət etdi, iş prosesini izlədi.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

 

 

 

Daha sonra, Prezident İlham Əliyev Füzuli rayonunun Horadiz şəhərində inşa edilən avtovağzal kompleksində yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyevin yürütdüyü siyasətin mühüm hədəflərindən biri də Azərbaycanda yol-nəqliyyat sisteminin müasirləşdirilməsidir. Bu sırada yeni yaradılan avtovağzalların xüsusi çəkisi var. Yeni və müasir səviyyədə inşa edilən bu nəqliyyat obyektlərinin sırasına daha biri əlavə olunub. Horadiz şəhərində yeni avtovağzal ən müasir tələblər səviyyəsində tikilib.

Dövlət başçısı avtovağzalın rəmzi açılışını bildirən lenti kəsi.b

Prezident İlham Əliyevə məlumat verildi ki, Füzuli Rayon İcra Hakimiyyətinin sifarişi əsasında tikilən avtovağzal kompleksinin ümumi ərazisi yarım hektardır. Müasir memarlıq üslubunda inşa olunan avtovağzal binasının tikinti sahəsi isə 450 kvadratmetrdir.

Binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə var.

Avtovağzalda sərnişinlərin rahatlığını təmin etmək üçün 6 perron, 30 yerlik gözləmə zalı, ictimai-iaşə obyekti, həkim otağı inşa edilib. Burada ana və uşaq otağı da var. Kompleksin həyətində avtobuslara texniki xidmət göstərilməsi üçün açıq bokslar tikilib. Kompleksdə 25 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

Azərbaycan Prezidenti avtovağzal binasının eyvanından Horadiz şəhərinin mənzərəsini seyr etdi.

Qeyd edək ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən, paytaxtla yanaşı, regionlarda da yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticə verməkdədir. Bu cür avtovağzal kompleksinin yaradılması isə rayonun inkişafında mühüm rol oynayacaq.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar