Dövlət başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gəlib.
Prezident İlham Əliyev hərbi hissənin qərargahı ilə tanış olub.
Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə Ali Baş Komandan İlham Əliyevə məlumat verib.
Dövlət başçısı hərbi hissənin yeməkxanası ilə də tanış olub. Xatırladaq ki, burada hərbçilərin dolğun qidalanmaları üçün hər cür şərait yaradılıb. Hərbi hissənin kazarması da müasir standartlara cavab verir.
Sonra Ali Baş Komandan hərbi hissənin şəxsi heyəti ilə görüşüb.
Prezident İlham Əliyev təmas xəttində baş verən son hadisələrdən danışaraq deyib ki, həmişə Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır. Bu ilin əvvəlində də Ermənistana beynəlxalq təzyiqlərin artması ilə əlaqədar danışıqlarda müəyyən irəliləyiş hiss olunduğu bir vaxtda işğalçı dövlətin aprelin ilk günlərindən yenidən atəşkəsi pozduğunu və ordumuz tərəfindən layiqli cavab aldığını deyən dövlətimizin başçısı aprelin 5-də Azərbaycan tərəfinin sülhpərvərlik nümayiş etdirərək atəşkəsə razılıq verməsinə baxmayaraq, aprelin 27-dən 28-nə keçən gecə yenidən təmas xəttinə yaxın yaşayış məntəqələrimizin atəşə tutulduğunu söyləyib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq. Hazırda təmas xəttində üstünlüyün tamamilə Azərbaycan tərəfində olduğunu və döyüş mövqelərimizin daha da möhkəmləndiyini deyən Prezident İlham Əliyev dövlətimizin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlərin özünü doğrultduğunu vurğuladı.
Müdafiə naziri Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə ordunun döyüş hazırlığının yüksək səviyyədə olduğunu, Ali Baş Komandanın əmrini yerinə yetirməyə hər an hazır və qadir olduğunu bildirib.
Prezident İlham Əliyev Azərbaycan hərbçilərini bir daha təbrik etdi və yeni-yeni uğurlar arzulayıb.
Sonra Ali Baş Komandan təmas xəttində Ermənistan ordusunun törətdiyi təxribatların qarşısını alarkən şücaət göstərmiş döyüşçülərə hədiyyələr təqdim etdi.