Məlumata görə, bununla bağlı bu gün Azərbaycan prezidenti İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmana əsasən “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. Müəyyən edilib ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirəcək.
Nazirlər Kabinetinə Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi, xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi tapşırılıb.
“Azəravtoyol” ASC-nin sədrinin və sədr müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti, idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Cəmiyyət tərəfindən həyata keçiriləcək. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ləğvi, törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi Cəmiyyət tərəfindən həyata keçiriləcək və bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat veriləcək.
“Azəravtoyol” ASC onun idarə, nümayəndəlik və filialları, habelə törəmə cəmiyyətləri tərəfindən balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, idarə olunması, saxlanılması, qorunması, əsaslı təmiri, yenidən qurulması məqsədi ilə həyata keçirilən fəaliyyət üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunduqda, həmin xüsusi razılıq (lisenziya) alınmış hesab edilir və yenidən alınması tələb olunmur. “Azəravtoyol” ASC-nin onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququ, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, qiymətləndirilməsi, təyinatının dəyişdirilməsi səlahiyyətləri Cəmiyyət tərəfindən həyata keçirilir./apa/