Açılışda “Bakıelektrikşəbəkə” ASC-nin sədri Baba Rzayev dövlət başçısına 110/35/6 kilovoltluq “Ağ şəhər -1” yarımstansiyası barədə məlumat verib. B.Rzayev bildirildi ki, qapalı tipli bu yarımstansiya “Ağ şəhər” layihəsi üzrə tikilən yaşayış komplekslərinin, “Yeni Bulvar”ın və digər qeyri-yaşayış obyektlərinin elektrik təchizatının təmin edilməsi, eləcə də bu ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə inşa olunub. Açıq tipli yarımstansiyalardan xeyli az yer tutan, funksional baxımdan isə böyük üstünlüklərə malik belə qurğular xüsusilə meqapolislər üçün olduqca əlverişlidir.
Dövlət başçısı “Ağ şəhər – 1” yarımstansiyanın dispetçer idarəetmə otağı ilə tanış oldub. Prezident İlham Əliyevə “Bakıelektrikşəbəkə”nin mövcud, təmirə ehtiyacı olan və tikilməsi vacib sayılan 110 kilovoltluq yarımstansiyaları barədə məlumat verilərək , bildirililib ki, 110 kilovoltluq 10 yarımstansiyanın əsaslı şəkildə yenidən qurulmasına və 10 yeni yarımstansiyanın tikintisinə ehtiyac var.
Daha sonra , prezidentin diqqətinə çatdırılıb ki, köhnə yarımstansiyanın yerində inşa olunan yeni 110/35/10 kilovoltluq “Həzi Aslanov” yarımstansiyası da müasirliyi ilə diqqəti çəkir. Yarımstansiyanın qidalandırılmasının gücləndirilməsi üçün bu energetika qurğusu 110 kilovoltluq “1-ci Əhmədli” hava xəttindən açılaraq 110 kilovoltluq kabel xətləri vasitəsilə iki mənbə - “Əhmədli” yarımstansiyası və “Bakı İstilik Elektrik Mərkəzi – 1” elektrik stansiyası ilə əlaqələndirilib. Bu layihə çərçivəsində “Həzi Aslanov” və “Ağ şəhər -1” yarımstansiyaları arasında 110 kilovoltluq ikidövrəli kabel xətlərinin çəkilməsi nəzərdə tutulub. “Həzi Aslanov” yarımstansiyasında müasir eleqaz və vakuum tipli avadanlıq quraşdırılıb. Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulduğu bildirilib.
Azərbaycan Prezidenti İlham Əliyevə birinci Avropa Oyunları obyektlərinin elektrik təchizatı sxemi də nümayiş olunub.
Dövlətimizin başçısına “Bakıelektrikşəbəkə”də tətbiq edilən yüksək texnologiyalar və elektron xidmətlər barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, şəbəkə şəffaflıq və operativliyin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Ötən ilin may ayından etibarən əhaliyə “ASAN xidmət” mərkəzlərində “Bakıelektrikşəbəkə” ilə bağlı bir sıra xidmətlərin göstərilməsinə başlanıb.
Sonra dövlətimizin başçısı “Ağ şəhər-1” yarımstansiyasını işə salıb.
Prezident İlham Əliyev yeni yarımstansiyada quraşdırılan avadanlıqlarla tanış oldu. Qeyd edildi ki, yarımstansiyanın qidalandırılması birinci dairəvi sxemə daxil olan “Liman” və “Həzi Aslanov” yarımstansiyalarından 110 kilovoltluq ikidövrəli kabel xətləri vasitəsilə yerinə yetiriləcək. Yeni yarımstansiyaların işə düşməsi ilə elektrik şəbəkəsində 9 faiz güc artımı yaradılıb. Ümumilikdə, “Bakıelektrikşəbəkə”nin fəaliyyətinin bərpa edildiyi 2006-cı ildən bəri şəbəkənin güc qəbuletmə və paylama qabiliyyəti 105 faiz artıb. Yarımstansiyada 50 meqavoltamper gücündə iki müasir transformator da quraşdırılıb.