Rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Dövlət başçıları görüşdə çıxış etdilər.
Azərbaycan Prezidenti İlham ƏLİYEV deyib:
- Hörmətli cənab Prezident, hörmətli qonaqlar.
Mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Cənab Prezident, mənə məlumat verildi ki, bu gün Sizin ad gününüzdür. Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm, Sizə cansağlığı, yeni-yeni uğurlar arzulayıram. Şadam ki, bu gün Siz bizimlə bərabər Azərbaycandasınız. Bu, Sizin prezident kimi Azərbaycana ilk rəsmi səfərinizdir. Əminəm ki, səfər çox uğurlu keçəcək və ikitərəfli əlaqələrimizə yeni təkan verəcəkdir. Mən də İrana öz rəsmi səfərimi məmnuniyyətlə xatırlayıram. Bu ilin aprel ayında gözəl ölkənizdə oldum, Sizinlə geniş fikir mübadiləsi apardıq, bu gün isə bu dialoq davam etdirilir.
Şadam ki, Sizinlə bərabər böyük nümayəndə heyəti Azərbaycana gəlmişdir. Nümayəndə heyətlərinin üzvləri bu gün bir-biri ilə sıx təmasda olacaq və çox önəmli məsələləri də müzakirə edəcəklər.
Bizim əlaqələrimizin çox gözəl tarixi və gözəl gələcəyi var. İndi əlaqələrimiz yeni mərhələyə qədəm qoyub. Çox geniş gündəliyimiz var. Siyasi, iqtisadi, mədəni, humanitar məsələləri müzakirə edirik. Əlaqələrimizin təməlində tarixi tellər, ortaq mədəniyyət tarixi dayanır ki, bu da inkişafda olan bugünkü əlaqələrimizin rəmzidir.
Mən əminəm ki, bu gün və sabah keçiriləcək danışıqlar, aparılacaq fikir mübadiləsi İran ilə Azərbaycan arasındakı əlaqələri daha da irəliyə aparacaq. Müzakirə ediləsi məsələlər çoxdur. Bütün məsələlər çox səmimi şəkildə müzakirə olunur. Bizim niyyətimiz də birdir ki, xalqlarımızı, ölkələrimizi bir-birinə daha da yaxın edək. Bu, bizim əsas məqsədimizdir və bu hədəfə doğru inamla irəliləyirik.
Bir daha Sizi ürəkdən salamlayıram. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaq.
X X X
İran Prezidenti Həsən RUHANİ deyib:
- Çox təşəkkür edirəm cənab Prezident. Çox sevinirəm ki, nümayəndə heyəti ilə birlikdə bu gün aramızda ortaq dəyərlərin olduğu dost, qardaş və qonşu Azərbaycanda Sizin qonağınızıq. Biz bu səfəri əvvəlki görüşlərimizlə bərabər elə bir səviyyədə qiymətləndiririk ki, qarşılıqlı əlaqələrin genişlənməsi və möhkəmlənməsi üçün irəliyə atılan addım olsun. Biz Davosda, Tehranda, Həştərxanda və bu gün də Bakıda görüşürük, müzakirələr aparır və artıq bu, bizim dördüncü görüşümüzdür. Düşünürəm ki, biz dörd mərhələdə irəliyə doğru addımlar atmışıq. Şübhə yeri yoxdur ki, ölkələrimiz arasındakı əlaqələr iki xalqın mənafeyinə xidmət edəcək. Ölkələrimiz arasındakı əlaqələrin genişlənməsi üçün mövcud olan imkanlardan yaxşı istifadə edə bilərik. Əvvəlki bütün danışıqlarda, məsul şəxslərin görüşlərində və əldə olunan razılaşmalarda biz iki ölkə arasında mövcud olan imkanların yalnız cüzi hissəsindən istifadə etmişik. Amma bununla yanaşı, iqtisadi, mədəni, sərhəd məsələlərində, Xəzər dənizindən istifadə, həmçinin siyasi, beynəlxalq məsələlərdə əməkdaşlıq üçün böyük potensial var. Biz bu gün və sabah danışıqlarda bütün sahələrdə əməkdaşlığın genişlənməsi üçün imkanlardan istifadə edəcəyik. Yaranan fürsətdən istifadə edib maraq doğuran bütün məsələlər haqqında müzakirələr aparacağıq. Şübhəsiz ki, bütün bu danışıqlar yaxın gələcəkdə növbəti əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə təsir göstərəcək.
Daha sonra prezident İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Bu səfərin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik bildirildi. Görüşdə ikitərəfli münasibətlərə, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.
Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə İranın Enerji Nazirliyi arasında Anlaşma Memorandumunu İranın “Təvani” şirkəti direktorunun müavini Davud Mənzur və Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov imzaladılar.
Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə İranın İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında iqtisadi və texniki əməkdaşlıq üzrə Anlaşma Memorandumunu İranın iqtisadi işlər və maliyyə naziri Əli Təyyimniyə və Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev imzaladılar.
Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında poçt sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu, həmçinin Azərbaycan və İran hökumətləri arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi və Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov imzaladılar.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında Memorandumu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani mətbuata birgə bəyanatlarla çıxış ediblər.