PREZİDENTLƏR GÖRÜŞDÜ
15.01.2015 1218 0.0 0
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

Görüşdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimizin enerji və nəqliyyat sahələrində birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti xüsusi qeyd olundu. Söhbət zamanı Türkiyənin “Böyük 20-liyin” növbəti görüşünə ev sahibliyi etməsinin önəmindən danışıldı.

Prezident İlham Əliyev həmin tədbirə dəvətə görə Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirdi, bu dəvət Azərbaycan ilə Türkiyə arasında dostluq münasibətlərinin nümunəsi kimi dəyərləndirilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi qeyd edildi. Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirdilər.
 
Daha sonra, Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 15 yanvar 2015-ci il tarixində keçirilmiş dördüncü iclasının nəticələrinə dair Birgə Bəyanat”ı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzaladılar.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) ilə Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə xarakterli məlumatların mübadiləsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyənin Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının sədri İbrahim Hakkı Polad imzalayıblar.
 
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatla çıxış ediblər.
 
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar