PREZİDENTİN MÜRACİƏTİ OXUNUB.
01.09.2014 1397 0.0 0
 
Azərbaycan prezidenti İlham Əliyev “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün iştirakçılarına müraciət edib.

 

Məlumata görə, müraciəti tədbirdə mədəniyyətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla səsləndirib.

 

Azərbaycan tolerantlıq məkanı kimi tanındığını qeyd edən dövlət başçısı bildirib ki, fərqli dinlərə və inanclara mənsub insanların əsrlərdən bəri qarşılıqlı anlaşma şəraitində yaşadığı Bakıda bu tədbirin keçirilməsi rəmzi xarakter daşıyır: “Müzakirə etdiyiniz məsələlərin müasir Avropa üçün taleyüklü rol oynadığını nəzərə alaraq qeyd etmək lazımdır ki, tarixən bu qitədə müxtəlif dinlər xalqların mənəvi zənginləşməsinə əhəmiyyətli təsir göstərib. Bu ənənəvi zənginləşmə cəmiyyətin bütün təbəqələrinə sirayət edərək, əslində onun bütövlüyünün vacib şərtlərindən birinə çevrilib. Eyni zamanda təhsildə, mədəniyyətdə və gənc nəslin tərbiyəsi ilə bağlı digər sahələrdə yüksək dözümlülük mühitinin formalaşması da hazırkı dövrün başlıca vəzifələrindəndir”.

 

Azərbaycanda bu istiqamətdə konkret addımlar atıldığını vurğulayan prezident İlham Əliyev müraciətində nəzərə çatdırıb ki, yeni yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi məhz dünyada mədəni müxtəlifliyin ayrı-ayrı modellərinin tətbiqini və əldə olunan müsbət təcrübənin təbliğini qarşısına məqsəd qoyub: “Ümidvaram ki, Mərkəz ö fəaliyyəti ilə insanlığın böyük mənəvi sərvəti olan mədəni rəngarəngliyin daha dərindən araşdırılması işində uğurlar qazanacaq, xoşməramlı niyyətlərimizin ümumbəşəri tarixi-mədəni və dini-mənəvi dəyərlər müstəvisində gerçəkləşməsi üçün əlverişli zəmin yaradacaq.  Sürətlə qloballaşan dünyada mövcud siyasi, iqtisadi və mədəni proseslər hər bir ölkədən zamanın təxirəsalınmaz çağırışlarına adekvat cavab verməyi tələb edir. Bu isə dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsi, yeni kreativ təfəkkürün və innovativ mühitin bərqərar olunması, eləcə də insanın dini əqidəsinə hörmətlə yanaşılması, irqçiliyin  və dözümsüzlüyün hər hansı təzahürünün ləğvi ilə mümkündür. İnanıram ki, sizin görüşünüz  ümumavropa məkanında arzu olunan mühitin yaradılması prosesinə layiqli töhfəsini verəcək  və yekun qərarlarınız Avropa ailəsinin bütövlükdə inkişafına xidmət göstərəcək”.//APA


Teqlər:PREZİDENTİN MÜRACİƏTİ OXUNUB.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar