Son illər əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, habelə əhalinin içməli suya tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilməkdədir.
Qazeta.info bildirir ki, 2013-cü ildə Taxtakörpü və 2014-cü ildə Şəmkirçay su anbarlarının istismara verilməsi nəticəsində 200 min hektara yaxın əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacaq, 50 min hektara yaxın torpaq sahəsinin dövriyyəyə daxil edilməsi mümkün olacaqdır.
Əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına 2013-cü ildə əhalisi 310 min nəfərdən çox olan 29 rayonun 104 yaşayış məntəqəsində 107, 2014-cü ildə isə əhalisi 622 min nəfərdən çox olan 32 rayonun 223 yaşayış məntəqəsində 250 subartezian quyusu qazılmışdır.
Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının prezidenti sərəncam verib.
Sərəncama görə, Əhalisi 630 min nəfərə yaxın olan 34 şəhər və rayonun 241 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 300 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 19,5 milyon (on doqquz milyon beş yüz min) manat, Naxçıvan Muxtar Respublikasının ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının qazılması məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2,0 (iki) milyon manat ayrılıb.