Portuqaliya daxili işlər naziri Konstansa Urbano de Souza istefa verib.
“Reuters” agentliyinə istinadən verilən xəbərə görə, ölkədə baş verən yanğınlar nəticəsində ölənlərin sayı 100-ü keçdiyi üçün Konstansa Urbano de Souza istefa ərizəsini yazıb.
“Mən düşünürəm ki, artıq hazırkı işimə davam etmək üçün şərtlər qalmayıb”, - deyə o, istefa ərizəsində bildirib.
Qeyd edək ki, son dörd ayda Portuqaliyada yaşanan yanğınlarda ölənlərin sayı 100-ü keçib. Oktyabrın 15-də Portuqaliya meşələrində 443 yanğın ocağı qeydə alınıb. Meşə yanğınları ilə mübarizəyə 7 min yanğınsöndürən cəlb olunub. Yanğınlar səbəbindən 20-yə yaxın avtomobil yolu bağlanıb, Portu və Lissabon şəhərlərini birləşdirən dəmir yolu xətlərində qatarların hərəkəti bir müddət dayanıb. Təbii fəlakətin təhlükə yaratdığı rayonlardan yerli sakinlər təxliyə edilib.
Xatırladaq ki, Portuqaliyanın müasir tarixində ən böyük meşə yanğınları bu ilin iyununda qeydə alınıb. İyunun 17-də başlayan yanğınlar nəticəsində 64 nəfər həlak olub. Onların 47-si təhlükəli zonanı tərk etmək istəyərkən avtomobildə diri yanıb. 16-sı ağır vəziyyətdə olmaqla 56 nəfər isə yaralanıb. Həyatını itirənlər arasında bir aylıq körpənin olduğu da deyilir./apa/