Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskvada dəhşətli yol qəzası baş verib. Rusiya mətbuatına istinadla verilən məlumata görə, Bolşaya Yakimanka küçəsində "Porsche 911" markalı maşın ortadan bölünüb.
Bahalı maşının qəzaya uğramasına səbəb yüksək sürət həddi olub. Sürət həddinin artması ilə bağlı olaraq sürücü idarəetməni itirib və dirəyə çırpılıb. Maşın zərbənin təsirindən ortadan iki yerə bölünüb.
Hadisə nəticəsində iki nəfər ölüb. Bunlar sürücü və maşındakı sərnişin olub. Maşının sürücüsü İrkutsk vilayətinin keçmiş qubernatorunun oğlu 23 yaşlı İqor Esipovski olub.
Baş verən qəza anbaan müşahidə kameraların yaddaşına düşüb. Kameraların çəkdiklərindən aydın görünür ki, bahalı maşın yüksək sürətlə hərəkət edib. Zərbənin təsirindən avtomobildəkilərdən birinin meyiti hətta pəncərədən çıxaraq bir neçə metr sürünüb və yolun hərəkət olan hissəsinə düşüb.
Keçmiş qubernator özü 2009-cu ilin may ayının 10-da işgüzar səfəri zamanı içərisində olduğu helikopterin qəzaya uğraması nəticəsində ölmüşdü. /anspress/