Bu gün səhər saat 9:00 radələrində "20 yanvar" metro stansiyasının yaxınlığında taksi sürücüləri ilə DYP əməkdaşları arasında insident olub
Qazeta.info Ölkə.Az-a istinadla bildirir ki, "10 YP 334" dövlət qeydiyyat nişanlı DYP maşınından düşən polis əməkdaşı taksi sürücüsünə maşını ərazidən aparmağı tələb edib. Bu zaman taksi sürücüsü ilə polis arasında insident yaranıb.
DYP əməkdaşı taksi sürücüsündən maşının açarını tələb edib, sürücü isə maşının açarını verməkdən imtina edib.
Əməkdaşımızın çəkdiyi videodan da aydın görünür ki, öz maşınına minmək istəyən taksi sürücüsünü polis əməkdaşı əli ilə itələyir. Bu zaman taksi sürücüsü polislərə Qarabağ əlili olduğunu bildirir. Buna cavab olaraq DYP əməkdaşı "Qarabağ əlilliyini əlinizdə bayraq etmisiniz" deyib, yenidən taksi sürücüsünü itələyir. Polislə vətəndaşı hadisə yerində olan insanlar sakitləşdirməyə cəhd göstərsələr də, polis əməkdaşı sakitləşmək bilmir.
Hadisə yerinə digər DYP əməkdaşları gəldikdən sonra hər iki şəxsi sakitləşdirmək mümkün olub. Ad və soyadını deməyən DYP işçisi isə taksi sürücüsünü hədələməkdə, DYP əməkdaşının sözünə əməl etməməyin nə olduğunu ona göstərəcəyini deməkdə davam edib.
Sonradan hadisənin telefonla çəkildiyini görən DYP əməkdaşı telefonu əməkdaşımızın əlindən almağa cəhd edib. Telefonu ala bilmədikdən sonra isə "aparıb evdəkilərə göstərərsiniz", deyə ondan uzaqlaşır.
P.S Ümid edirik ki, indi həmin polis işçisinin etdiklərini rəhbərliyi görüb qiymətləndirəcək.