Dekabrın 28-i saat 20 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Sumqayıt şəhər polis idarəsinin əməkdaşlarına xəsarətlər yetirilərək zor tətbiq olunması ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
Qazeta.info Baş Prokurorluğa istinadla bildirir ki, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, paytaxt sakini Ağa Əzimov qeyd edilən yanacaqdoldurma məntəqəsinin yaxınlığında əməliyyat tapşırığına əsasən həmin vaxt xidməti vəzifələrini icra edən Sumqayıt ŞPİ-nin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Xəqani Məmmədov və kiçik inspektoru Orxan Baxşəliyevə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçmışdır.
Polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağa Əzimov saxlanılmışdır.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Ağa Əzimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə istintaq davam edir.