Planetlərin paradı: Vahimələnmək deyil, baxıb zövq almaq lazımdır
06.01.2016 623 0.0 0

"Yanvarın 25-dən planetlərin düzülüşü başlayacaq, yanvarın 27-də Ay öz yerini dəyişəcək, yanvarın 28-də isə artıq Yupiterin yanında olacaq". Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib.

X.Mikayılov qeyd edib ki, planetlərin düzülüşü yanvarın 29-da görünsə də, bunun ən yaxşı görüntüsü yanvarın 30 və 31-də səhər saat 07-dən sonra olacaq.

Onun sözlərinə görə, göydə ardıcıllıq üzrə Yupiter, ondan sonra Ay, daha sonra Mars, Saturn, Venera, Merkuri düzüləcək: “Bir sırada düzüldüyünə görə çoxları bunu “parad” kimi qəbul edir. Amma bu, planetlərin hərəkətinə görə düzülüş formasıdır. Parad olarsa, planetlər Saturn, Yupiter, Mars, Venera, Merkuri kimi düzülməli idi. Amma bu, göydə maraqlı bir görüntüdür. Yanvarın 31-də ən maraqlı görüntü olacaq. Günəş doğmamışdan qabaq, yəni səhərə yaxın planetlərin hamısı göydə bir düz xətt üzrə görünəcək. Baxan zaman bu planetləri adi ardıcıllıqla, ekvator müstəvisi boyunca parlaq ulduz kimi görmək olacaq”.

X.Mikayılov deyib ki, göydə səhərə yaxın qərb tərəfdən ilk olaraq Yupiteri, sonra Ayı, Marsı, daha sonra Saturn, Venera və Merkurini görmək mümkün olacaq. Bundan sonra isə Günəş çıxacaq. Günəş cıxdıqdan sonra artıq onun işıltısı planetlərin görüntüsünü itirəcək.

Bu təbiət hadisəsinin insan sağlamlığı üçün heç bir təhlükəsi olmadığını deyən X.Mikayilov bildirib ki, planetlərin belə düzülüşləri tarix boyu dəfələrlə olub: “Planetlərin ardıcıllıqla düzülməsi əksər hallarda baş verib. Dağ yerlərində yaşayanlar bunu əksər hallarda görüblər. Amma bu, Bakıda, şəhərdə yaşayanlar üçün qəribə görünə bilər. Bundan vahimələnmək lazım deyil. Bu, bir gözəllikdir, ona baxıb zövq almaq lazımdır”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar