Türkiyə Ağrı vilayətinin meri Musa İşın mətbuat nümayəndələri ilə görüşərək son günlər “Türk Silahlı Qüvvələri”nin (TSK) fəallığı qarşısında aqressiyası çoxalan PKK terror təşkilatı barədə məlumat verib. Məlumata görə mer, kürd xalqının hüquqlarını qoruduğunu iddia edən PKK-nın daha çox kürdləri öldürdüyünü deyib.
“Kürdlərin hüquqlarını qoruduğunu iddia edən PKK terror təşkilatı kürdləri öldürür. Kürd uşaqlarını dağa qaçıran, ölümə sürükləyən, kürd kəndlərinə hücum edərək uşaqları öldürən, kürdlərin namusuna göz qoyan PKK, daha sonra uşaq ölümlərinin üzərində ajiotaj və qaralama kampaniyası aparır.”
PKK-nın kürdləri yox etməyə çalışdığını deyən mer İşın onların qızları dağa apararaq zorladığını və bu yolla dağda saxladığını vurğulayıb:
“Kürdçülük pərdəsi altında vətəndaşlarımızın canına, malına, namusuna, müqəddəsatına düşmən olan və kürdləri yox etməyə çalışan bir təşkilatla qarşı-qarşıyayıq. Sizin adınıza sizi öldürən, xərəc yığan, maşınlarınızı yandıran, gənc qızlarınızı zorlayan, baronlarına hədiyyə edən, kürd xalqının müqəddəs qəbul etdiyi bütün dəyərlərlə mübarizə aparan bir təşkilatın kürdlərin hüququnu qoruduğunu heç kim iddia edə bilməz. Bir rayonumuzda gecə vaxtı “iclas var” deyilərək qadınlar evlərindən aparılır, ərləri etiraz edəndə öümlə hədələnir. Bir şəhərimizdə 40-a yaxın gənc qız dağa qaçırılaraq zorlanır və “bu vəziyyətdə ailələrinizin yanına qayıda bilməzsiniz” deyilərək məcburən dağda saxlanılır. İnsanlarımız namuslarıyla hədələnir...” –deyə mer Musa İşın açıqlamasında bildirib. /anspress/