Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə kəşfiyyatının sabiq zabiti Sergey Skripalın işi ilə bağlı rəsmi Londondan Putinə ünvanlanan ittihamlara cavab verib.
TASS agentliyinə istinadən verilən xəbərə görə, Peskov Rusiyanın “bu hekayə”də iştirak etmədiyini bildirib.
“Prezidentimizin adının bu işdə hallanması diplomatik ədəb qaydalarının dəhşətli və bağışlanmaz bir şəkildə pozulmasından başqa bir şey deyil",- deyə prezident sözçüsü bildirib.
Qeyd edək ki, bu gün Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Solsberi şəhərində Sergey Skripal və qızına qarşı kimyəvi silahın tətbiqi barədə əmri çox böyük ehtimalla Rusiya prezidenti Vladimir Putinin verdiyini açıqlayıb.
Xatırladaq ki, martın 4-də Böyük Britaniyanın cənubundakı Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyaya qarşı əsəb-iflic qazı vasitəsilə hücum həyata keçirilib. Onlar şəhərdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılıblar. Martın 12-də baş nazir Tereza Mey parlamentdəki çıxışında hadisə ilə bağlı aparılan ilkin təhqiqata dair məlumatlar verib. O bildirib ki, S. Skripal və qızına qarşı SSRİ-də hazırlanmış və Rusiyanın sərəncamında olan “Noviçok” adlı kimyəvi silah tətbiq edilib./apa/