Özəl pensiya fondlarının yaradılması ilə bağlı çərçivə planı hazırlanıb.
ANS TV-nin məlumatına görə, Azərbaycanda sığorta pensiya sistemini tədqiq edən avropalı ekspertlər əldə olunan nəticələr əsasında çərçivə planı hazırlayıblar. Beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən müzakirələr zamanı DSMF-nin sədri Elman Mehdiyev bildirdi ki, bu planda ölkədə könüllü sosial sığortalanmanın və özəl pensiya fondlarının fəaliyyəti ilə bağlı ilkin təkliflər yer alıb. Tezliklə yekun variant seçiləcək və qanunvericilikdə öz əksini tapacaq.
Elman Mehdiyev bildirdi ki, indiki sosial pensiya sistemində olduğu kimi fərdi hesablara əsaslanan sistem qurulacaq. Bunlar isə real bank hesabları olacaq. Buraya yatırılan hesablar maliyə bazarına daxil edilərək artırılacaq. Gələn gəlirlər isə gələcəkdə vətəndaşın pensiya təminatına yönəldiləcək.
Özəl pensiya fondlarının fəaliyyətinin təşkili ayrı-ayrı ölkələrin inkişaf səviyyəsindən asılı olaraq fərqlənir. Bəzi ölkələrdə bu könullu şəkildə həyata keçirilsə də bəzilərində məcburi qaydada tətbiq olunur. Elman Mehdiyevin sözlərinə görə, özəl pensiya fondlarına sığorta haqlarının icbari qaydada yığılması müəyyən risklər yarada bilər.
Elman Mehdiyev əlavə etdi ki, sosial sığorta üzrə bəlli bir normativ var. Həmin normativin müəyyən hissəsinin yığım kompleksinə yönəldilməsi cari pensiya sisteminin kəsirinə səbəb ola bilər. Çünki, sosial sığorta aktları birbaşa pensiyaların maliyyələşdirilməsinə yönəldilir.
Risklərlə üzləşməmək üçün isə Azərbaycanda sosial sığortalanmanın könüllü variantını seçib. Vətəndaşların bu sistemdə könüllü iştirakını təmin etmək üçün isə bu məqsədlə qanunvericilikdə həvəsləndirmə elementləri üstünlük veriləcək./anspress/