Paytaxtda yeni avtobuslar xəttə buraxılacaq-VİDEO
09.09.2015 809 0.0 0

Yaxın günlərdə "BakuBus" MMC-nin daha 11 avtobusu xəttə buraxılacaq.

Məlumata görə, bunu Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyib. Onun sözlərinə görə, köhnə, uzun avtobuslar şəhərdə həm tıxacın yaranmasına səbəb olur, həm də onda getmək narahat doğurduğundan, onlar yeni avtobuslarla əvəz olunacaqlar. Bununla da, insanlar həm rahat avtobuslardan istifadə edəcək, həm də istədikləri yerə vaxtında çatacaqlar.

Hələ ki, "Bakubus" MMC-yə məxsus marşrutların hansı xətt üzrə hərəkət etdiyi dəqiq deyilməsə də, yaxın günlərdə bu barədə açıqlama veriləcək.

 


Şəfa Mehmanqızı - Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri


"Avtobuslar Nəqliyyat Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin müəyyən etdiyi dayanacaqlarda duracaq, kənar dayanacaqlarda dayanmaq qəti qadağandır. Sərnişinlərdən də xahiş olunur ki, avtobusları ancaq dayanacaqlarda gözləsinlər”, - deyə bu barədə sentyabrın 6-sı MMC-nin direktor müavini Vüsal Kərimli vurğulayıb.

Yeni avtobuslarda işləyən sürücülərin əmək haqqı məsələsinə də toxunan müavin sürücülərin ayda 600-700 manat əmək haqqı alacaqlarını da bildirib.

Gediş haqqı məsələsinə də toxunan Vüsal Kərimli bu məbləğin 20 qəpik təşkil etdiyini və yalnız "Tarif Şurası"nın qərarı əsasında dəyişə biləcəyini bildirib. Cənab Kərimli bununla yanaşı yaxın gələcəkdə qiymət artımının gözlənilmədiyini deyib.

“BakuBus” MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız “BakıKart” vahid ödəniş kartları ilə həyata keçiriləcək. Sərnişinlər avtobusa ön qapıdan minərək, kartı ödəniş aparatına oxutduqdan sonra salona keçə biləcəklər. 

"Avtobus dayanacağa çatdıqda salonu yalnız orta və ya arxa qapıdan tərk etmək lazımdır."- deyə Vüsal Kərimli əlavə edib.

 


Avtobuslardan istifadə qaydaları


"BakuBus" MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il 92 nömrəli qərarına əsasən, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişin daşımalarının yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub.

Həmin avtobuslar Bakıya ilk dəfə Avropa Oyunları üçün gətirilib.

 


"Bakubus" MMC-yə məxsus avtobuslar/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar