Paytaxt polisi yollarda təhlükəsizliyin artırılması məqsədilə təşkil etdiyi reydlərlə sürücülər üzərində nəzarəti gücləndirir.
ANS TV-nin məlumatına görə, reydlər əsasən gecə saatlarına təsadüf edir və məqsəd sərxoş və avtoxuliqan sürücülərin aşkarlanması, onların məsuliyyətə cəlb edilməsidir. Ən təhlükəlisi isə sərxoş sürücüdür. O, öz həyatı ilə yanaşı çox vaxt sərnişinlərinin də həyatını təhlükəyə atır. Bunun üçün də Bakı şəhər BDYPİ-nin müfəttişləri belə bir sürücü aşkar etdikdə düşünmədən özünü alkoqol sərxoşluğunun təyin edilməsi məntəqəsinə, onun avtomobilini isə cərimə dayanacağına aparmalı olur.
Sürücü Yusif Qasımov da idarə etdiyi VAZ 21099 markalı avtomobilin cərimə dayanacağına aparılmaması üçün müqavimət göstərməyə də hazır görünürdü.
Bakının Səbail rayonu ərazisində saxlanılan sürücü də sərxoş halda sükan arxasına əyləşməklə yanaşı, onun hər hansı bir sənədi də yox idi. Gənc sürücünün idarə etdiyi “Niva” markalı avtomobil Teymur Elçin küçəsində saxlanılıb.
Bu cür reydlərin bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi bildirilir./anspress/