Parlament Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiq edib
29.12.2017 836 0.0 0

Azərbaycan parlamenti Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Dəyişikliklərə əsasən, şəxsi yoxlama həyata keçirilərkən hal şahidlərinin iştirakı videoçəkiliş olmadığı halda məcburi olacaq.

“Report”un verdiyi xəbərə görə, dəyişikliyi nəzərdə tutan qanun layihəsi qanunvericiliyin dəqiqləşdirilməsi, gömrük nəzarəti zamanı şəxsi yoxlamanın (o cümlədən, videoçəkilişdən istifadə etməklə şəxsi yoxlamanın) aparılması ilə bağlı məsələləri tənzimləmək məqsədilə hazırlanıb.

Qanun layihəsinə əsasən, hal şahidlərinin iştirakı yalnız şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədiyi hallarda məcburi olacaq, eyni zamanda şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilməyəcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanunda deyilir ki, şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış iki hal şahidlərinin iştirakı məcburidir.

Digər dəyişikliklə, nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumatın gömrük orqanlarına təqdim edilməsi sərtləşdirilib. Belə ki, dəyişikliyə əsasən, əgər gömrük ərazisinnə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada, o cümlədən, elektron formada nəqliyyat vasitəsnin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı, nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları, nəqliyyat vasitəsinin heyəti və sərnişinləri, təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük, mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük və nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim etməlidirlər. Hazırda isə qanunda qeyd olunur ki, bu sənədlər "təqdim edilə bilər".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar