Pakistanın Lahor şəhərində əyləncə parkında terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb.
TASS agentliyinə istinadən verilən məlumata görə, partlayış nəticəsində 300-dən çox insan yaralanıb.
Qanlı hadisə zamanı 23 uşaq ölüb, 56-sı yaralanıb. İlkin araşdırmalara əsasən, partlayıcı maddənin gücü trotil ekvivalentində 8-10 kq olub. Hadisə yerində terror aktını törətməkdə şübhəli bilinən 28 yaşlı yerli sakinin şəxsiyyət vəsiqəsi tapılıb. İnsidentlə əlaqədar 15 nəfər saxlanılıb, onlardan ikisi güman edilən terrorçu-kamikadzenin qardaşlarıdır.
Pəncab əyalətində üçgünlük matəm elan edilib. Pakistanın baş naziri Nəvaz Şərif bu gün Böyük Britaniyaya planlaşdırdığı səfərini təxirə salıb.
Qeyd edək ki, partlayışa görə məsuliyyəti Pakistan taliblərinin hərəkatına daxil olan "Cəmaat ül Əhrar" qruplaşması öz üzərinə götürüb./apa/