Pakistan Azərbaycana 5 illik iqtisadi əməkdaşlıq planı təqdim edib
05.12.2016 888 0.0 0

Bu gün Bakıda Azərbaycan-Pakistan işgüzar görüşü keçirilib.


Məlumata görə, görüşdə çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, iki ölkə arasında siyasi və iqtisadi əlaqələr çox yüksək səviyyədədir.

Nazir Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyi üçün təşəkkürünü bildirib.
 
Ş. Mustafayev bildirib ki, Azərbaycan 2015-ci ildə Pakistanda baş verən zəlzələ və sel daşqınlarından sonra dost ölkəyə maddi dəstək verib və ən yaxın tərəfdaşlardan biri olduğunu növbəti dəfə sübut edib.
 
"Bu gün iki ölkə arasında iqtisadi əlaqələrin artırılmasında böyük imkanlar mövcuddur. Azərbaycanda istehsal olunan, xüsusilə kənd təsərrüfatı məhsullarının Pakistana ixrac olunması üçün böyük imkanlar mövcuddur", - deyə nazir qeyd edib.
 
Onun sözlərinə görə, Pakistan şirkətlərinin Azərbaycanda dərman istehsal etmək niyyətinə baxılacaq.
 
Nazir bildirib ki, gələn ilin yanvar ayında Azərbaycanın ixrac missiyası Pakistana səfər edəcək: "Azərbaycan məhsullarının Pakistanda təşviq olunması nəzərdə tutulub".
 
Pakistanın ticarət naziri Xurram Dastgir Xan isə bildirib ki, ölkəsi Azərbaycanın uğurlarını öz uğurları kimi görür.
 
Onun sözlərinə görə, Pakistan Azərbaycanla ticarət, sənaye, toxuculuq, kənd təsərrüfatı, energetika sahəsində əməkdaşlıqda maraqlıdır: "Pakistan Azərbaycan kənd təsərrüfatı məhsullarının ölkəyə ixrac edilməsində maraqlıdır. Həmçinin, biz ölkəmizdə yeni Azərbaycan müəssisələrinin yaradılmasına çalışırıq. Pakistan Çinlə birgə iqtisadi dəhlizi yaradır və layihənin ümumi dəyəri 46 milyard dollar təşkil edir. Burada qaz terminalları, limanlar fəaliyyət göstərir. Biz Azərbaycan şirkətlərinin bu layihənin həyata keçirilməsində iştirak etməyə dəvət edirik".
 
D. Xan bildirib ki, Pakistan Azərbaycana 5 illik iqtisadi əməkdaşlıq planı təqdim edib: "Ümid edirəm ki, prezident İlham Əliyevin Pakistana səfərindən əvvəl biz bu sənədi imzalayacağıq"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar