PA rəsmisi: Azərbaycan sakit dayana bilməz (FOTO, VİDEO)
24.07.2015 564 0.0 0

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iyulun 24-də mətbuat konfransı keçirib.

Məlumata görə, o, Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfərinə münasibət bildirib. O deyib ki, onun Azərbaycana səfəri Azərbaycan-Avropa əlaqələri baxımından mühüm hadisələrdən biri idi. Bu səfər əslində, Avropa Oyunları zamanı baş tutmalı idi. Ancaq iyunun 21-22-də Yunanıstanla bağlı mühüm durum yarandı, böhranla bağlı Avropa İttifaqına üzv dövlətlərin toplantısı oldu. O da Azərbaycan tərəfindən üzr istəyərək bildirdi ki, gələ bilmir.

 


İlham Əliyev və Donald Tusk 


N.Məmmədov bu ilin əvvəlində Qərb strukturları ilə Azərbaycan arasında bir sıra məsələlərə yanaşmada mövqe fərqinin olduğunu söyləyib: “Azərbaycan müstəqillik qazandığı müddətdən bəri Avropa dövlətləri ilə strateji sahələrdə ən uğurlu və sıx əməkdaşlıq edən ölkədir. Postsovet məkanındakı dövlətlər içərisində Avropa dövlətləri ilə bu səviyyədə əməkdaşlıq edən ikinci ölkə göstərmək olmaz. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi layihələr regionun sabitliyinə və Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verib. Eyni zamanda Azərbaycan Avropa İttifaqı ilə terrorizmə qarşı səmərəli mübarizə aparır, bunun tarixi müstəqilliyimizin ilk illərindən başlayır. Digər tərəfdən, Azərbaycan Avropa strukturları ilə dünyanın müxtəlif yerlərində sülhün təmin olunmasında əməkdaşlıq edir”.

PA rəsmisi Azərbaycan Avropa İttifaqı ilə siyasi və mədəniyyət sahələrində sıx əməkdaşlıq etdiyini, bu ilin əvvəlindən Avropa strukturlarına açıq, səmimi və daha sərt formada iradlarımızın olduğunu söyləyib: "Biz deyirik ki, əgər strateji sahələrdə belə əməkdaşlıq ediriksə, sizdən bunu dəyərləndirən münasibət gözləyirik, çox təəssüf ki, uzun müddət gözləsək də, bu münasibəti görə bilmirik. Həm də Avropa strukturlarına xırda bir irad deyəndə özünü fəal adlandıran müxalifətçilər, QHT-lər deyirlər ki, dünya dağıldı. Bəlkə deyilən iradlar əsaslıdır?! Sözüm yoxdur, onları maliyyələşdirənlərə, sahiblərinə xidmət etsinlər, ancaq unutmasınlar ki, Azərbaycan vətəndaşıdırlar. Onlar Avropa strukturlarından bu müddət ərzində Qarabağ məsələsi ilə bağlı ədalətli mövqe nümayiş etdirməyi tələb etməyiblər, qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması barədə indiyə qədər söz deməyiblər”.

Onun sözlərinə görə, Donald Tusk etiraf edib ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. O cümlədən, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra Donald Tusk bəyan etdi ki, Avropa İttifaqı Azərbaycanın müstəqilliyi və suverenliyini dəstəkləyir. Uzun yoldan sonra bu qiyməti aldıq. Yeri gələndə biz öz mili maraqlarımız, təhlükəsizlik və sabitliyimiz üçün bu addımları atmaqda davam edirik. Bir daha deyirəm ki, müstəqilliyi qoruyub saxlamaq çox çətindir. Müstəqilliyimizi əbədi qorumalıyıq.

N. Məmmədov Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Qərbdən, Avropa strukturlarından beynəlxalq hüquqa uyğun mövqe gözlədiklərini vurğulayıb: "İşğalçı Ermənistana dəstək verilir, işğalçı ilə işğala məruz qalan ölkəyə fərq qoyulmursa, biz buna sakit yanaşa bilmərik. Ola bilər ki, Azərbaycanda kiminsə hüququ pozulur, amma hansısa hadisə baş verən zaman bununla bağlı Avropanın ən mühüm qəzetlərində məqalələr yazılırsa, niyə qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması ilə bağlı Avropa və Amerika qəzetlərində belə məqalələr tapmaq olmur? Qaçqın və məcburi köçkünlərimiz öləndə ata-analarının yanında dəfn edilməyi arzulayır, ancaq olmur. Onlar insan deyillər?”

 


N. Məmmədov bildirib ki, Almaniya və ABŞ səfirləri və ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri ilə görüşləri olub. Bu görüşlərdə artıq deyirlər ki, bizi başa düşürlər. Onlar başa düşürlər ki, Azərbaycanı nəyəsə məcbur etmək düzgün deyil./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar