Pənah Hüseyn:«İqtidarla danışığa getməliyik»
08.04.2015 844 0.0 0

“Azadlıq-2015” seçki blokunun təşkilatçılığı ilə “Dəyişən dünya və Azərbaycan: mövcud durum və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
 
Məlumata görə, tədbirdə çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, hazırda dünyanı ziddiyyətlər bürüyüb, bu ziddiyyətlərin, Azərbaycana da keçmək təhlükəsi var: “Hesab edirəm ki, hazırda son dərəcə məsuliyyətli dönəmdəyik. Ölkənin milli mənsubiyyət daşıyan ziyalıları problemlərin həllində fəallıq göstərməlidirlər”.
 
Pənah Hüseyn isə iqtidar-müxalifət görüşlərini milli birlik baxımından şans adlandırıb: “Biz bu görüşlərə İsa Qəmbəri, Arif Hacılını, Cəmil Həsənlini də dəvət etmişdik. Yəqin ki, bizim qarşımızda söz deməyə ehtiyac hiss etməyiblər. Bir düşüncə, götür-qoy etmək problemi var. Müxalifət gözləyir ki, gözlərini açacaqlar və xalq onları hakimiyyətə gətirəcək. Ancaq artıq o dönəm deyil. Ona görə də hesab edirəm ki, həm iqtidar, həm də müxalifət problemlərdən çıxış yollarını axtarmalıdır. Bir araya gələrək, milli birlik nümayiş etdirməliyik. Bunun üçün bu il keçiriləcək parlament seçkiləri çox önəmlidir. İqtidarla danışığa getməli, müzakirələr aparmalıyıq”.
 
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə vurğulayıb ki, iqtidar-müxalifət görüşlərində müzakirə olunan məsələlər konkretləşməlidir: “Təəssüflər olsun ki, hazırda Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar arasında da münasibətlər ürəkaçan deyil. Bu baxımdan ilk növbədə siyasi partiyalar arasında münasibətlər normallaşmalı, ümummilli məsələlərdə iqtidarla həmrəylik göstərilməlidir”.
 
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə çıxışında dünyada baş verən siyasi-iqtisadi vəziyyət və bu proseslərin Azərbaycana təsirindən danışıb. O, ölkədəki ictimai-siyasi vəziyyətin fonunda, iqtidar-müxalifət dialoqunun önəmini vurğulayıb. S. Əkbər “Azadlıq-2015” seçki blokunun konsepsiyası barədə də tədbir iştirakçılarına məlumat verib. 
 
Təbirdə digər çıxışlar da dinlənilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar