Özünü yandıran taksi sürücüsü öldü
20.09.2015 635 0.0 0

Faktla bağlı cinayət işi başlanıb

 Sentyabrın 20-də saat 02 radələrində Sumqayıtdakı "Şəfa" sanatoriyasının yataqxanasında məskunlaşmış Zəngilan rayonundan məcburi köçkün, özəl taksi fəaliyyəti ilə məşğul olan Məqsəd Süleymanov 20 Yanvar küçəsindəki bazarın yaxınlığında naməlum səbəblərdən üzərinə benzin tökərək özünü yandırıb.   
 
Xəbərə görə, Sumqayıt Şəhər Prokurorluğu və Şəhər Polis İdarəsinin birgə məlumatında bildirilir ki, həmin ərazidə xidmət aparan və hadisəni görən Post Patrul Xidmətinin əməkdaşları dərhal müdaxilə edərək xüsusi cihaz vasitəsi ilə yanğını söndürüb və təcili yardım çağırıblar.
  
Məqsəd Süleymanov yanıq xəsarətləri ciddi olduğundan Bakıdakı 5 saylı Xəstəxanaya çatdırılıb, həkimlərin müdaxiləsinə baxmayaraq, saat 15 radələrində dünyasını dəyişib.
 
Hazırda faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
 
Araşdırmalar aparılır./apa/

Əlavə olaraq bildirək ki,  bu gün mətbuatda Məqsəd Süleymanov ölməzdən öncə ondan atdığı addımın səbəbini soruşanda  o : "Məni buna QAİ Ramin məcbur etdi" -dediyi haqda məlumat yayılıb. 
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar