Özəl banklarla bağlı vacib qərar
22.06.2015 620 0.0 0

Azərbaycanda baş verən devalvasiyadan sonra ölkədəki kommersiya banklarının manata ehtiyatlarının azalması Mərkəzi Bankın özəl banklara maliyyə dəstəyini artırması zərurətini yaradıb. İndi vətəndaşların böyük əksəriyyəti banklardakı əmanətlərini dollara konvertasiya edib. Bu il mayın 1-nə olan məlumata görə, Azərbaycan banklarındakı 7,7 milyardlıq əmanətin 5 milyardı dollar olub, cəmi 2,7 milyard vəsait manatla yerləşdirilib. Halbuki yanvar ayında manatla olan əmanətlərin məbləği 4,5 milyard təşkil edirdi.

Məlumata görə, Mərkəzi Bank ölkə banklarının kredit vermək üçün pul resurslarının azalmasına qarşı tədbir görür və elə bu məqsədlə kommersiya banklarına manatla vəsait ayrılmasına qərar verib. Qərara əsasən, ehtiyat fonddan banklara vəsait ayrılacaq və onlar bu pulu ancaq kreditləşməyə sərf edəcəklər. İqtisadiyyatın istehsal və xidmət bölmələrində çalışan sahibkarlara, mülkiyyətçilərə ayrılacaq vəsaitlərə ciddi nəzarət ediləcək, ayrılan vəsaitin valyuta mübadiləsinə yönəldilməsinə icazə verilməyəcək. Əks halda Mərkəzi Bank inzibati vasitələrdən istifadə etməklə banklara qarşı müvafiq addımlar atacaq.

Bundan əlavə, Mərkəzi Bank bu ilin ikinci yarısında iqtisadiyyatın kredit və likvidik ehtiyaclarının çevik ödənilməsini təmin edəcəyini açıqlayıb. Ümumiyyətlə, bu qərarın əhəmiyyəti nədir, bunun üçün iqtisadiyyata pul təklifinin məqbul səviyyəsi təmin olunacaqmı, əhəmiyyətli banklar və real sektor müəssisələrinin fəaliyyətini sabitləşdirmək üçün pul siyasəti alətlərindən istifadə ediləcəkmi? Real sektorun dəstəklənməsinə yeni likvidlik mexanizmləri yaradılacaqmı və faiz dərəcələrinin azalması istiqmətində tədbirlər həyata keçiriləcəkmi?

İqtisadçı Oqtay Haqverdiyev bu qərarı müsbət qiymətləndirib. Onun fikrincə, mövcud qərarı bank sektoruna maliyyə dəstəyi kimi qiymətləndirmək olar. Mərkəzi Bank bir müddət əvvəl də banklara dəstək xarakterli qərar qəbul etmişdi. Devalvasiyadan sonra – martın əvvəllərində kommersiya banklarının açıq valyuta mövqeyi üzrə limitin tətbiqinə icazə verilib və bu addım banklara özlərini reabilitasiya etməyə imkan yaratdı.

O, faiz dərəcələri ilə bağlı vurğulayıb ki, bir müddət əvvəl Mərkəzi Bank 2015-ci il üçün əsas siyasətini əks etdirən bəyanat yaymışdı. Həmin bəyanatda deyilirdi ki, qurum kredit faizlərini aşağı salmaq üçün tədbirləri davam etdirəcək. Həmin bəyanatda kredit faizlərinin son 5 ildə aşağı düşdüyü, ümumilikdə orta faiz dərəcəsinin 14,2%, kommersiya kreditləri üzrə hətta 10,8% olduğu göstərilirdi. AMB-də hətta iddia edirlər ki, Bakı üzrə bu göstərici 12,9 faizdir. Amma maraqlıdır ki, rəqəmlərə baxmayaraq əhali banklardan kreditləri orta faiz dərəcəsi ilə deyil hətta 30%-lik kredit şərtləri ilə alır. Yəni AMB-nin rəsmi açıqlamaları ilə bazardakı hazırki vəziyyət üst-üstə düşmür. Məhz dövlət başçısı bu kimi şərtləri nəzərə alaraq “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi barədə fərmanda kredit faizlərinin azaldılmasına nail olunması ilə bağlı xüsusi göstəriş verdi. 

Bundan başqa, Mərkəzi Bankın mart ayında depozitlər üzrə məcburi ehtiyat normasını 2 faizdən 0,5 faizə endirilməsi barədə qərar vermişdi və bu, bank sektoruna zəruri likvidik dəstəyi vermək məqsədi daşıyır. Depozitlər üzrə məcburi ehtiyatlar normasının 4 dəfə azaldılması banklara kredit təklifləri səviyyəsini nəinki qoruyub saxlamaq, hətta onu artırmaq üçün imkan yaradıb. Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimal həddini 9 faizdən 12 faizə qaldırılması sabitliyə zəmin yaradıb. Bu tədbirlər bankların pul resurslarının sabit qalmasına yönəldilib.

Ümumiyyətlə, banklara maliyyə dəstəyinin göstərilməsi kiçik və orta sahibkarlığın kreditlə təminatının davamlılığına hesablanmış siysasətdir. Hazırda dövlətin birbaşa kredit resursları hesabına sahibkarlığın maliyyələşdirilməsi istehsalın və xidmət sektorunun inkişafı üçün kifayət etmir. İl ərzində dövlət xətti ilə sahibkarlara verilən 200 milyon manatdan çox kredit ümumi ehtiyacın 40 faizini təşkil edir. Bu prosesdə əsas rol oynamalı olan bankların sahibkarlığa maliyyə dəstəyi artırmaq üçün onların pul bazasının gücləndirilməsinə də ehtiyac yaranıb. Bu mənada, Mərkəzi Bankın ehtiyat fonddan banklara pul ayırmaq qərarı müsbət qiymətləndirilməlidir.

Bir çox iqtisadçı ekspertlər bank sektorundakı proseslərlə bağlı bildiriblər ki, banklara maliyyə yardımının ölkəmizdə iqtisadi artıma və məşğulluğa mücbət təsir göstərəcəyini, maliyyə-bank sektorunda kreditləşmənin daha da aktivləşdirilməsinə, iqtisadiyyata kredit axınlarının yüksəldilməsinə töhfə verəcəyini söyləmək olar. Bu kursun həyata keçirilməsi ölkənin bank sistemində rəqabət qabiliyyətinin və maliyyə sabitliyinin qorunması üçün məzənnə siyasətinin çevikliyini artırmağa stimul yaradacaq.

Onların fikrincə, uçot dərəcələri ilə kredit faizləri arasındakı əlaqənin möhkəmlənməsi üçün banklara ucuz maliyyə vəsaitləri cəlb edilməlidir. Bank kreditlərinin faiz dərəcələrinə yenidən baxılması da zəruridir. Əminik ki, neftin qiymətində tədricən baş verəcək bahalaşma ilə ölkəmizə daxil olan vəsaitlərin həcmi artacaq. Bu da bankların resurslar cəlb etməsinə müsbət təsir göstərəcək. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar