ÖVLADI OLMAYANLARA XOŞ XƏBƏR
25.11.2014 1542 0.0 0

Gələn ildən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında süni mayalanma əməliyyatları icra olunacaq şöbə fəaliyyətə başlayacaqdır. Bu haqda bu gün ATU-da, Türkiyədəki Amerikan Xəstəxanasının nümayəndələri ilə keçirilən görüşdə ilkin razılıq əldə olunub.

Qazeta.info Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinə istinadən bildirir ki, ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov qonaqlarla görüş zamanı Azərbaycanda süni mayalanma ilə bağlı yüksək ixtisaslı mütəxəssislərə böyük ehtiyac olduğunu vurğulayıb. Rektorun sözlərinə görə, bu mövzu hazırda ölkəmizdə gündəmdədir və süni mayalanma yolu ilə övlad sahibi olmaq arzusunda olan ailələr çoxdur.

 Türkiyədən gələn nümayəndə heyətinin rəhbəri, prof. Dr. Bülent Urman ATU-da yalnız tüp bebek  (süni mayalanma)  əməliyyatlarının keçirilməsi yox, həm də tədris sistemində iştirak etmək istəklərini açıqlayıb. Türkiyəli professorlar tərəfindən doğuşla bağlı mütəxəssislərin rezidentlərə mühazirə söyləməsi haqqında təklif də səsləndirilib.

Görüş zamanı ATU-nun Tədris Cərrahiyyə Klinikasında 2015-ci ilin əvvəlindən etibarən süni mayalanma şöbəsinin yaradılması haqda ilkin razılıq əldə olunub. Qonaqlar artıq klinikadakı şəraitlə tanış olduqlarını, burada yüksək keyfiyyətli əməliyyatların aparılması üçün hər cür şərait olduğunu vurğulayıblar. İki tərəf arasında qarşılıqlı əməkdaşlığa dair sazişin hazırlanması qərara alınıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar