Ötən il Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlanıb
17.01.2018 906 0.0 0

Ötən ilin yanvar-dekabr ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 226,4 mln. ton yük daşınıb və 2016-cı ilin müvafiq dövrünə nisbətən 1,8% artım müşahidə olunub.

 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yüklərin 3,7%-i dəniz, 6,4%-i dəmir yolu, 0,1%-i hava, 63,9%-i avtomobil nəqliyyatı, 25,9%-i isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 3,6% artaraq 172,1 mln. ton təşkil edib.

 

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 1,4% artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 81,4% təşkil edib.

 

2017-ci ilin yanvar-dekabr aylarında nəqliyyatçılar 1973,4 mln. nəfərə və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,3% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,2%-i avtomobil nəqliyyatı, 11,6%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

 

Dəmir yolu nəqliyyatı ilə 2017- ci ilin yanvar-dekabr ayları ərzində 14,4 mln. ton yük, 2,4 mln. sərnişin daşınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 7,0% azalma, sərnişin daşınmasında isə 23,8% artım müşahidə olunub.

 

Orta hesabla sutkada 350 vaqon yüklənib, 422 vaqon isə boşaldılıb.

 

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 13,4 min ton, qərb istiqaməti üzrə 5,2 min ton, cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

 

Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-dekabr aylarında daşınmış yüklərin həcmi 8 344,6 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 43,7% artıb. Yüklərin 48,7%-ni neft yükləri təşkil edib.

 

Dəniz limanları tərəfindən 10 769,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 10 141,1 min tonunu və ya 94,2%-ni tranzit yüklər təşkil edib. Cari ilin yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 244,7 min ton olub.

 

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 12,8% azalaraq 17,1 min nəfər olub.

 

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatına gəlincə, bu nəqliyyat sektorunda 144,9 mln. ton yük, 1 739,7 mln. sərnişin daşınıb və 2016-cı ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,4% və 1,8% artım qeydə alınıb. Sərnişinlərin 96,1%-i avtobus, 3,9%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,3%, sərnişin dövriyyəsi isə 1,9% artıb.

 

Bundan başqa, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 5,2% artaraq 228,8 mln. nəfər olub.

 

Qeyd olunan dövr ərzində hava nəqliyyatı ilə 2358,0 min və ya 19,1% çox sərnişin daşınıb, daşımaların 99,8%-i dövlət, 0,2%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 6,9% artaraq 170,7 min tona çatıb./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar