Bu ilin yanvar ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 8,7%, qeyri-ərzaq məhsullarının 5,6%, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 2,1% bahalaşıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 5,8% bahalaşıb.
Ay ərzində düyünün, unun, çörəyin, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, limonun, portağalın, naringinin almanın, armudun, bananın, heyvanın, narın, xurmanın, şabalıdın, xiyarın, pomidorun, kələmin, badımcanın, bibərin, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, göyərtinin, spirtli içkilərin, tütün məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Yanvar ayında qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, məişət cihazlarının, məlumatın işlənməsi üçün avadanlıqların, səsin və təsvirin qəbulu, yazılması, əks etdirilməsi üçün qurğuların, telefon və fotoaparatların, kiçik elektrik cihazlarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, yuyucu vasitələrin, dərmanların, minik avtomobilləri və onların ehtiyyat hissələrinin, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən hava və dəmiryolu ilə beynəlxalq sərnişindaşıma nəqliyyatında qiymətlər ucuzlaşmış, tibbi xidmətlərin, avtobusla beynəlxalq sərnişindaşıma nəqliyyatı, avtomobillərin, məişət cihazlarının, mebel, ev əşyaları və döşəmə örtüklərinin təmiri, paltarların təmizlənməsi, təmiri və kirayəsi, restoranlar və kafelər tərəfindən yeməklə təmin edilmə, otel, mehmanxana tərəfindən gecələmə xidmətlərinin qiymətləri isə bahalaşıb. Digər pullu xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib./apa/