Ordumuzun yeni avtomobilləri-Fotolar
15.05.2015 1276 0.0 0

 


Bu gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, maddi-texniki təchizatı və şəxsi heyətin xidməti şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərində yerləşən hərbi hissə üçün yeni qərargah binası və əsgər yataqxanası inşa edilib.
Mayın 15-də qərargah binasının və əsgər yataqxanasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar qərargah binasının açılışını bildirən lenti kəsiblər.

Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, yeni qərargah binası 4 mərtəbədən ibarətdir. Binada müasir xidmət otaqları, taktiki təlim sinfi və istirahət guşəsi vardır. Yeni qərargah binası müasir idarəetmə prinsiplərinə uyğun qurulub. Burada zabitlərin xidmət şəraitinin yüksəldilməsi üçün bütün imkanlar mövcuddur. Xidmət otaqları bütün lazımi avadanlıqlarla təmin edilib, kompyuterlər quraşdırılıb. Taktiki təlim sinfində proyektor və digər müasir təlim avadanlıqları qoyulub.

Bina ilə tanışlıqdan sonra yeni əsgər yataqxanasının da açılışı olub.
Məlumata görə, 3 mərtəbədən ibarət olan əsgər yataqxanası 900 yerlikdir. Burada yataq otaqları, məişət guşələri, istirahət otaqları, ideoloji, silah və zabitlər üçün xidməti otaqlar vardır. Yataqxanada əsgərlər üçün müasir sosial-məişət şəraiti yaradılıb. Yataq otaqları keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla təchiz olunub. "Xidmət etdiyim diyar" guşəsində muxtar respublikanın tarixi və təbiət abidələrinin, quruculuq ünvanlarının fotoşəkilləri yerləşdirilib.

 

Daha sonra, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna yeni xidməti avtomobillər və yük maşınları təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov yeni xidməti avtomobillərə və yük maşınlarına, eləcə də Əlahiddə Ümumqoşun Ordusunun digər döyüş texnikalarına baxıblar.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissə və bölmələrinə 10 ədəd yeni "Naz lifan" markalı xidməti avtomobil və 20 ədəd "Kamaz" markalı yük maşınları verilib, maddi-texniki baza daha da möhkəmləndirilibdir.
Hazırda hərbi hissələrin bazasında ən müasir döyüş texnikaları və müxtəliftəyinatlı avtomobillər vardır. Atəş idarəetmə maşınları, yüksək hündürlükdə meteoroloji şəraiti ölçmə sistemi, təxliyə avtomobilləri, ultrasəs və ekokardioqrafiya aparatı ilə təmin olunmuş tibb qoşquları, zabit və rəis heyətinin səhra şəraitində iş və istirahətinin təşkili üçün nəzərdə tutulan qoşqu və avtomobillər döyüş zamanı şəxsi heyətin fəaliyyətinin düzgün təşkilinə imkan verir.
Nümayiş etdirilən müasir yaylım atəşli reaktiv sistemlər, tanklar, zirehli döyüş maşınları, artilleriya qurğuları, müxtəlif çaplı silahlar istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə imkan verir. Səhra şəraitində istifadə olunan müasir texniki vasitələr də ən yüksək tələblər səviyyəsindədir. Səyyar texniki-təmir emalatxanaları çətin təbii xidmət şəraitində geniş imkanlara malikdir.

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar