Oqtay Əsədov Rusiya Federasiya Şurasının sədri ilə görüşüb
25.11.2016 690 0.0 0

Milli Məclisin sədri Oqtay Əsədov Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının payız sessiyası çərçivəsində Assambleya Şurasının iclasında iştirak edib.
 
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şuranın üzvləri – MDB parlamentlərinin rəhbərləri bir sıra aktual məsələləri nəzərdən keçirib, Parlamentlərarası Assambleyanın hazırladığı sənədləri müzakirə edib və məruzəçilərin çıxışlarını dinləyiblər.
 
İclasda təşkilati məsələyə baxılıb, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko növbəti dəfə MDB Parlamentlərarası Assambleyası Şurasının sədri seçilib.
 
Həmin gün O. Əsədov V. Matviyenko ilə görüşüb. Tərəflər parlamentlərarası münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb, bir sıra aktual məsələləri müzakirə ediblər.
 
Sonra Azərbaycan parlamentinin sədri Qırğızıstan Joqorku Keneşinin (parlament) sədri Çınıbay Tursunbekov ilə görüşüb. Görüşdə iqtisadi, ticarət və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. O. Əsədov Ç. Tursunbekovu Azərbaycana rəsmi səfərə dəvət edib, 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlığın gedişi barədə danışıb.
 
Milli Məclis sədrinin həmçinin Qazaxıstan Parlamenti Məclisinin rəhbəri, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) sədri Nurlan Niqmatulinlə görüşü olub. N. Niqmatulin Azərbaycan xalqını müstəqilliyin 25 illiyi münasibətilə təbrik edib. O bildirib ki, Qazaxıstan Azərbaycan ilə qarşılıqlı əlaqələrə və əməkdaşlığa böyük əhəmiyyət verir. Qazaxıstan Parlamenti Məclisinin rəhbəri TürkPA-nın fəaliyyətinə verdiyi dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.
 
O. Əsədov isə N. Niqmatulinə Qazaxıstan Parlamenti Məclisinin rəhbəri seçilməsi münasibətilə təbriklərini çatdırıb, Qazaxıstan Parlamentinin nümayəndə heyətini TürkPA Katibliyinin Bakıda yeni inzibati binasının açılış mərasiminə dəvət edib.
 
Səfər zamanı Sankt-Peterburqun Tavriya Sarayında - MDB Parlamentlərarası Assambleyasının qərargahında qazax ictimai-siyasi xadimi, Rusiyanın Birinci Dövlət Dumasının (1906–cı il) deputatı Əlixan Bukeyxanovun büstünün açılışı mərasimi keçirilib.
 
Açılış mərasimində çıxış edən O. Əsədov qeyd edib ki, Tavriya Sarayında qardaş ölkələrin tanınmış siyasi və ictimai xadimlərinin büstlərinin qoyulması ənənə halı alıb. 2014-cü ildə burada ilk dəfə görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun büstü qoyulub.
 
“Biz bu ənənəni dəstəkləyirik. Keçmişi öyrənmədən gələcəyi dərk etmək mümkün deyil. 1906-cı ildə Tavriya Sarayında, Birinci Dövlət Dumasında bizim həmvətənlərimiz də təmsil olunurdular. Əminəm ki, bu ənənəni dəstəkləməklə müstəqil dövlətlər xalqlarımızın rifahı naminə əlaqələri gücləndirməyə davam edəcək”, - deyə O. Əsədov vurğulayıb.
 
V. Matviyenko isə bildirib ki, Tavriya Sarayında qoyulan ilk büst Azərbaycan parlamenti tərəfindən hədiyyə olunub. V. Matviyenko əməkdaşlığa görə O. Əsədova minnətdarlığını bildirib, tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıb.
 
Mərasimdə həmçinin Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin və Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev çıxış ediblər.
 
Azərbaycan nümayəndə heyətinin Sankt-Peterburqa səfəri davam edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar