«Onlar bağırırdılar: «Sizə yalvarırıq, biz yanırıq...» » - xilasedicisinin şok açıqlaması
07.12.2015 594 0
“Günəşli” yatağında baş verən dəhşətli yanğının izləri davam edərkən, verilən rəsmi açıqlamalardan daha çox hal şahidlərinin danışdıqları ciddi əhəmiyyət daşıyır.
Bu gün sosial şəbəkədə Deni Miller adlı profil sahibi yanğın zamanı iştirak etdiyi xilasetmə əməliyyatı barədə status yazıb. Bu şəxsin məlumatları sırasında onun “Caspian Drilling Company”də çalışdığı qeyd olunub. Rus dilində yazdığı statusda D.Miller faciəni “birinci ağız”dan eşitmənin vacibliyinə toxunub, ardınca isə aşağıdakıları qeyd edib: “Mən baş verənləri bütün təfərrüatı ilə təsvir etməyəcəm. Biz köməyə ilk gələnlərdən idik. Amma 30 nəfər ilk xilasedici 11 metr olan dalğada qayıqdan özünü soyuq suya atdı. Sudan 4 nəfəri çıxara bildik. Əsil kişilərin sayəsində bu hadisə baş verdi, onlar xilasedici qayığı 11 metrlik dalğaya saldılar. Bununla da özlərini risk altında qoydular. Siz təsəvvür belə edə bilməzsiz ki, onlar necə riskə gedirdilər. Körpünü su basırdı, əsas mühərrik sıradan çıxmışdı... , amma onlar yenə də kimisə xilas etmək üçün plastik xilasedici qayığı dənizə doğru salırdılar ki, heç olmasa kimisə də xilas etsinlər. Onlar haqqında xəbərlərdə yazmayacaqlar. Bravo, uşaqlar, mən ilk görüşdə sizin əlinizi sıxacam.
Təəssüf ki, ilk xilas edilən həlak olub, sudan çıxarılandan sonra... 26-sını isə dəniz həmişəlik apardı. Hətta hidrokostyumlarda belə suda 4 saat qalmaq mümkün deyil. 29 insan demək olar ki, 12 saat boyunca ikinci qayıqda oturmuşdular. Həmin qayıq platformanın ayağında ilişmişdi. Onların bəxti hamıdan çox gətirdi. Hamısını xilas etdilər. 3 nəfər isə qayığa oturmağa imkan tapmadı, yanan platformada qaldılar. Kaş ki, siz onların o çətin yerdə ağlar səsini eşidəydiz: “Sizə yalvarırıq, bizə su tökün, biz istidən öləcəyik...” Və hansısa yolla platformaya yaxınlaşıb, xilasedici jilet əldə etmək istəyirdilər. Bu, mənim yaddaşımda həmişəlik qalacaq”.
Xilasedici həmçinin televiziyada göstərilən yanğınsöndürmə əməliyyatlarına inanmamağı da xahiş edir. Deyir ki, hər şey göründüyündən çox daha pis olub: “Hələ mən digər platformada suyun apardığı insanlardan danışmıram. Və bu faciə baş verən zaman ən pisi – hansısa “böyük dayılar”ın zəngi idi. Onlar xəbərlərdə nəyi demək lazım olduğunu öyrənmək istəyirdilər. Sən bütün gücünlə gözünü qaranlığa dikib, ordakı zülmətdə xilasedici jiletin üstündə hansısa fənər tapmaq istədiyin və o adamı xilas etmək istədiyin zaman, sənə hər dəqiqə zəng edib əmr verirlər ki, nə haqda danışmalısan, nə haqda yox”. /musavat.com/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər