Qazeta.info Virtualaz.org saytına istinadla xəbər verir ki, İslam Hüseynov ofisində OMON-un dəstəyi ilə aparılan axtarışa Ulyanovsk saytlarından birinə telefonla müsahibəsində münasibət bildirib.
“Mən şəhərdən kənardayam. Və mənə xəbər verdilər ki, Azərbaycan diasporunun inzibati binasında axtarış gedir. Binada yalnız qadınlardır - mühasib və katibə. OMON əməkdaşları isə orada hər şeyi alt-üst ediblər.
Hesab edirəm ki, bu axtarış nümayişkaranə xarakter daşıyır. Mən İqor Beznosyukun qatillərinin tapılmasını və cəzalandırılmasını tələb edirəm. Bu işi bağlayıblar, ancaq mən onun bərpasına çalışıram. Məhkəmə qətlin sifarişçilərinə bəraət verib. Üstəlik istintaq cinayətin sifarişçilərinin maraqlarından çıxış edərək mənim özümü bu işdə şübhəli şəxs kimi dindirir”- deyə diaspor lideri bildirib.
İslam Hüseynov deyib ki, o, məsələ ilə bağlı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qəbuluna yazılıb: “Mən Bastrıkinə Ulyanovsk vilayəti üzrə İstintaq İdarəsində hökm sürən “bardak” barədə danışacağam. Hesab edirəm ki, bu axtarış da məhz mənim Bastrıkinə şikayət etməyə hazırlaşdığıma görədir”.
Ulyanovsk regional xəbər portallarından biri isə xəbər verir ki, OMON-çular və axtarışa gələn mülki geyimlilər artıq Hüseynovun ofisini tərk edib. Çox güman ki, onlar diaspor liderinin evində axtarış aparmağa yollanıblar.
Virtualaz.org saytı xatırladır ki, İslam Hüseynov “zəngin kriminal keçmiş”ə malikdir. O, 1994-cü ildə Rusiyada Azərbaycan vətəndaşını qətlə yetirməkdə şübhəli hesab olunduğu üçün federal axtarışda olub.
2004-cü ildə qəsdən bədənə ağır xəsarət yetirmək maddəsi ilə məsuliyyətə cəlb olunub. 2006-cı ildə onun adı saxta Rusiya vətəndaşlığı almaqda keçib. Nəticədə pasportu ləğv olunub.
Hüseynovun yerli kriminal qruplaşmalarla sıx əlaqəsinin olduğu və azərbaycanlı biznesmenlərə qarşı reketlik etdiyi haqda məlumatlar da var. Ona qarşı 2012-ci ildə edilmiş sui-qəsd cəhdinin də Ulyanovskda iki azərbaycanlı kriminal qruplaşma arasında “razborka”nın tərkib hissəsi olduğu bildirilir.
Hazırda Hüseynovun adı daha bir cinayət işində - Ulyanovsk şəhərində torpaq sahəsini tikinti şirkətinə fırıldaq yolu ilə satmaqda keçir.
* * *18:08
Az əvvəl Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ulyanovsk şöbəsinin rəhbəri, yerli Azərbaycan diasporunun lideri İslam Hüseynovun ofisinə OMON-un dəstəyi ilə basqın olub.
Virtualaz.org saytı Rusiya regional KİV-lərinə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Ulyanovsk üzrə İstintaq İdarəsinin əməkdaşları xüsusi təyinatlı və maskalı polislərin dəstəyi ilə diaspor liderinin ofisində axtarış aparır.
İslam Hüseynov mütşəkkil cinayətkar qruplaşma yaratmaqda və ona rəhbərlik etməkdə şübhəli bilinir.
Lakin İslam Hüseynov bu axtarış barədə əvvəlcədən xəbərdar olub və Ulyanovsk vilayətinin hüdudlarını, ola bilsin Rusiyanı tərk edib. Ona yaxın çevrələr axtarışın Hüseynova qarşı təzyiq məqsədi daşıdığını bildirir. Diaspor liderinin ofisinə daxil olan əməliyyatçılar və OMON-çular Hüseynovu axtarsalar da yerində tapmayıblar.
Diaspor liderinin yaxınlarının bildirdiyinə görə, bu axtarış İslam Hüseynovun qətlə yetirilən mühafizəçisi İqor Beznosyukun işi ilə əlaqəlidir.
İqor Beznosyuk 2012-ci ildə İslam Hüseynova sui-qəsd cəhdi zamanı onun kabinetində güllələnib. Hüseynov özü başından yaralanıb və sağ qalıb. Bu sui-qəsddə iştirak edən azərbaycanlı killer Nahid Zahidov həbs edilib, Ramin Bağırov adlı digəri isə axtarışa verilib.
Ulyanovsk vilayəti üzrə İctimai Palatanın üzvü, İslam Hüseynova yaxın hesab edilən Aleksandr Braqin bildirib ki, İstintaq İdarəsi azərbaycan diasporu liderinə təzyiq edir. Buna səbəb Hüseynovun mühafizəçisinin qatillərini cəzalandırmaq tələbləridir.
Deyilənə görə, Beznosyukun işində killerlərdən birinin yeni ifadəsi meydana çıxıb. Killer bildirib ki, bu qətlin sifarişçisi Cəfər Dilanov adlı şəxsdir.
Hüseynov isə bildirir ki, müstəntiqlər bu versiyanı araşdırmır. Dilanov Hüseynovun çoxdankı düşmənidir və ona rəqib qruplaşmanın lideridir.
İslam Hüseynovun ofisi
Lakin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, axtarış tamam ayrı maddə - mütəşəkkil cinayətkar qruplaşma yaratmaq və ona rəhbərlik etmək maddəsi üzrə aparılır.
Qeyd edək ki, Rusiya azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti “Azərros”da parçalanma zamanı İslam Hüseynov bu təşkilatın rəhbəri Abbas Abbasova qarşı çıxanlardan və onun istefasını tələb edənlərdən biri olub.
Belə görünür ki, Rusiya İstintaq Komitəsi İslam Hüseynova qarşı yeni cinayət işi qaldırıb. Bu cinayət işinin motivləri bəlli deyil.