Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 mln. 83 min 405 nəfərə yüksəlib.
Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, iyun ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayında əlavə olaraq 20 238 sığortaolunana fərdi şəxsi hesab açılıb. Bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3,59 faiz artıb. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 083 405 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 822 524 nəfər) kişi, 40,9 faizi (1 260 881 nəfər) isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,78 faizini (764 090 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,70 faizini (668 994 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,72 faizini (638 818 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,14 faizini (652 017 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,66 faizini (359 486 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.
Fərdi uçot-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır./anspress/