Ölən KQB-şnik haqda yeni şok iddia (FOTO)
30.07.2015 959 0.0 0

Aleksandr Litvinenkonun ölümü ilə bağlı təhqiqat başa çatmaq üzrədir. BBC Newsnight proqramından Richard Watson bu müəmmalı qətlin iç tərəfini araşdırmağa çalışıb.

Çərşənbə, 1 noyabr, 2006-cı il. Londonda sərin bir payız günü idi. Paytaxtı gözəl bir həftəsonu gözləyirdi.
Rusiya kəşfiyyatının bulanıq aləmindən olan iki keçmiş həmkarı ilə görüşə gedən Aleksandr Litvinenko təhlükəsizlik kameralarına düşmüşdü. Litvinenko Grosvenor meydanındakı lüks “Millennium Hotel” mehmanxanasına daxil olanda, kameranın ağ-qara kadrlarından yoxa çıxır.

Bundan sonra o, radioaktiv polonium maddəsinin ölümcül dozası əlavə edilmiş çayı içib.
22 gündən sonra Litvinenko vəfat edib.
Onu kim və niyə öldürüb? Kəşfiyyat mənbələrindən biri BBC-ə bildirib ki, o, prezident Vladimir Putinə qarşı birbaşa iddialar irəli sürməklə iki “qırmız xətti” keçdiyinə görə, Rusiya dövlətinin sifarişi ilə qətlə yetirilib. Kreml hər hansı cinayətdə əli olduğunu inkar edir.

Bu qətlin mülki araşdırması 5 aydır ki, davam edir. İndi istintaq bağlı qapılar arxasında məxfi kəşfiyyatın ifadələrini eşitmək istəyir. BBC-nin müxbir komandası əsas şahidlərlərlə misilsiz əlaqə qura bilib və bu işə yaxın məxfi mənbələrlə söhbət edib.

 


Aleksandr Litvinenko xəstəxananın reanimasiya bölümündə

 

Aleksandr Litvinenko “Millennium” otelinin “Pine Bar”ında biznes vasitəçiləri və ya hətta dostları saydığı iki keçmiş Rusiya casusu – Andrey Luqovoy və Dmitri Kovtunla görüşdən artıq bir neçə saat sonra özünü pis hiss edib. O qusma və kəskin ağrı simptomları ilə noyabrın 3-də yaşadığı şimali Londondakı yerli xəstəxanaya qəbul edilib.

O həkimlərə demişdi ki, zəhərləndiyini düşünür. Bu işə əvvəlcə yerli bələdiyyə polisi müdaxilə etmişdi. Bu söhbət sonradan polisin antiterror üzrə komandanı Peter Clarke-a məruzə edilmişdi. “Bir həmkarım kabinetimə gəlib dedi ki, şimali Londondakı xəstəxanalardan birində qəribə şeylər danışan bir nəfər var. O adam deyirmiş ki, Rusiya kəşfiyyatının keçmiş casusudur və keçmiş həmkarları tərəfindən zəhərləndiyini güman edir” – deyirdi Clarke.

Litvinenkoda radioaktiv zəhərlənmənin əlamətləri var idi. Onun saçları tökülürdü. Lakin həkimlər onu Geyger sayğacı ilə müayinə edəndə, radiasiya qeydə alınmamışdı. O ağır xəstə idi, lakin heç kim nə baş verdiyini bilmirdi.
Xəstəxanaya qəbul ediləndən iki həftə sonra Litvinenko ambulansla və polisin müşaiyəti ilə mərkəzi Londondakı Universitet Xəstəxanasına (University College Hospital), reanimasiya şöbəsinə gətirilib. Onun ağ qan zərrəciklərinin sayı fəlakətli dərəcədə aşağı idi. Belə görünürdü ki, onun immun sistemi tamamilə dağılır.

Onda sümük iliyi çatışmazlığı müşahidə olunurdu. Onu transplantasiya əməliyyatına hazırlayırdılar, lakin vəziyyəti ağırlaşmaqda davam edirdi. Onun xanımı Marina deyirdi: “Mən onun yanına xəstəxanaya gələndə onu həmin o qəzetlərdə dərc olunmuş fotoşəkildəki kimi gördüm. Bundan sonra o, bir daha yataqdan qalxmadı. O artıq çox, lap çox zəif idi. O, polisə mümkün qədər çox informasiya vermək üçün var gücünü sərf edirdi”. Xəstəxananın reanimasiya şöbəsinin rəhbəri doktor John Goldstone deyir ki, həkimlər bu xəstəyə baş çəkən hər cür adamlarla üzləşməli olurdular. Həkimlər polislə əlaqə saxlayırdılar, lakin baş çəkənlər arasında müəmmalıları da az deyildi.

 


Litvinenko ilə görüşmüş iki şəxsdən biri – Andrey Luqovoy

 

“Bura cürbəcür insanlarla dolu idi. Gələnlərin çoxu kostyumlu idi. Onlardan bəziləri polislər idi, lakin polis olmayanlar da vardı. Amma bunlar da bəlkə təhlükəsizlik xidmətindən olanlar idi” – deyir Goldstone.
Həkimlər kəşfiyyat arxivlərindəm DTK-ya aid olduğu iddia edilən cəfəng zəhərləmələr barədə əhvalatları eşidirdilər. Bu əhvalatlardan biri sanki casus trillerindən götürülmüşdü. Hədəflərdən biri onun masasının bir hissəsi radioaktiv maddə hopdurulmuş hissə ilə əvəz edilməklə qətlə yetirilmişdi. Lap James Bond əhvalatına oxşayırdı.

Qan üzrə tibbi ekspert, professor Amit Nathwani Aleksandr Litvinenkonu müayinə edən həkim qrupunda əsas üzvlərdən biri olub.

“Onun həyati orqanları zəncirvari şəkildə sıradan çıxırdı. Dağılma onun qara ciyərindən başlamışdı. Bunun ardınca proses böyrəklərə və ürəyə keçdi. Biz başqa orqanlarının dağılmasının qarşısını ala bilmək üçün səbəb axtarışının seytnotunda idik” – deyir həkim.

Xəstəxanada olduğu 18-ci gündə də onun vəziyyəti hələ də müəmmalı olaraq qalırdı. “Biz bilirdik ki, orqanların sıradan çıxması və sümük iliyi çatışmazllığı ilə söhbət onun həyatının xilas olunmasından gedirdi” – deyir Goldstone.
Son ümid yeri kimi Litvinekonun qan və sidik nümunələri Britaniyanın Berkşir əyalətindəki Aldermastonda yerləşən son dərəcə məxfi nüvə tədqiqatları mərkəzinə göndərilmişdi.

Aldermastondakı alimlər daha çox nüvə silahı ilə işləməyə adət etsələr də, öz biliklərindən radioaktiv zəhərlənmənin öyrənilməsi üçün istifadə etməyə çalışdılar. Onlar əvvəlcə qamma spektroskopiyası kimi tanınan metodla işlədilər. Bu təkmil analitik metod vakuum şəraitində analiz nümunələrindən enerji keçirilməsinə əsaslanır. Bu zaman qamma şüaları buraxan radioaktiv elementlər aşkar olunur. Hər bir element müəyyən enerji səviyyəsində yalnız özünə xas siqnala malikdir.
Nəticələr radioaktivlik göstərmirdi. Lakin onlar nəticəni göstərən diaqramda güclə görünən kiçicik çıxıntı tapmışdılar.

Tam təsadüfi olaraq Aldermastonda başqa bir alim öz həmkarlarının bu kiçik çıxıntı barədə müzakirəsini kənardan eşitmişdi. Alim bir neçə onillik bundan əvvəl Britaniyanın atom bombası proqramında çalışmışdı. O dərhal çıxıntının polonium-210 maddəsinin qamma şüalarına uyğun olduğunu aşkar etdi. Polonium nüvə silahının istehsalında mühüm element sayılırdı.
Bundan sonra hər şey sanki məna kəsb etdi. Bununla radioaktiv zəhərlənmənin nə üçün xəstəxanada aşkar oluna bilməməsinin səbəbi aydınlaşdı. Polonium-210 böyük həcmdə alfa şüalanması verir, lakin qamma şüalanması demək olar ki, olmur. Geyger sayğacı isə qamma şüalanmasını axtardığından heç nə tapa bilməyibmiş.


Marina Litvinenko ərinin ölümünə dair işin mülki təhqiqata çıxarılması üçün çox çalışmışdı

 

Dünyanın ən tanınmış zərrəcik fiziklərindən sayılan şəsx, Higgs bozon hissəciyini aşkar etmiş komandaya üzv professor Ian Shipsey izah edir ki, polonium-210 çox güclü alfa hissəcik elementidir. Bu element çox enerji yaradır, lakin bu yalnız qapalı mühitdə, yəni alfa hissəciklər, məsələn kağız və ya dəri parçası ilə bloklandıqda baş verir.
“Polonium 100 faizlik öldürücü gücə malik elementdir. Əgər o orqanizmə düşürsə, hüceyrələri dağıdır” – deyib professor.

Polonium-210 haqqında nə bilirik?

Təbiətdə rast gəlinən bu radioaktiv material, ölüm təhlükəli (müsbət yüklü) alfa hissəcikləri emissiya edir
İlk dəfə olaraq 19-cu əsrin sonlarında Marie Curie tərəfindən aşkar edilib

Torpaqda və havada çox az miqdarda polonium-210 var və buna görə də onu kiçik həcmlərdə bütün insanların orqanizmində tapmaq mümkündür

Yüksək dozalarda bu element toxuma və hüceyrələri zədələyir

O toxunma vasitəsilə dəriyə keçmir və bədənə ziyan törətməsi üçün onun daxil edilməsi və ya udulması zəruridir
Tarixən radium F adlanan bu elementi həkimlərin aşkar etməsi çox çətindir

Aleksandr Litvinenko “Millennium” otelindəki görüş zamanı zəhərlənmiş çayı içib. O içərisindən öldürülüb.

Həmin çərşənbə gecəsi, noyabrın 22-də Universitet Xəstəxanasının həkimlərinə zəhərin çox güman ki polonium-210 olduğu bildirilib. Həkimlərin edə biləcəyi çox az şey vardı. Litvinenko noyabrın 1-də həmin çayı içdikdən sonra onun geriyə yolu yox idi. Bu ölüm hökmü idi.

Bu məsələnin ictimaiyyətin sağlamlığı üçün yarada biləcəyi nəticələr real idi. Bunu paytaxt üzərinə radioloji hücum kimi də qiymətləndirmək olardı.

Hökumətin Oksfordşirdə, Klinton şəhərində yerləşən Radiasiyadan Müdafiə İdarəsi 20 alimdən ibarət böhran qrupunu toplamışdı. Onlar bütün gecəni işləmişdilər. Onlar radioaktiv zəhərlənməni necə yoxlaya bilərdilər? Bu, həkimlər, tibb bacıları, onun ailəsi və evi üçün təhlükəli deyildimi? Bəs Litvinenkonun son üç həftədə əlaqədə olduğu yüzlərlə insan necə? Böhran həyəcan doğuracaq bir sürətlə böyüyürdü.

Elə həmin zaman Aldermastonda polonium-210 tapıntısının təsdiqi üzərində iş davam edirdi. Sonra onlar sidik nümunəsini məxsusi olaraq alfa radiasiyasını aşkar edən xüsusi spektroskopda analiz etdilər. Noyabrın 23-də, cümə axşamı səhər nəticə alınmışdı: “Polonium-210”.


Rusiya prezidenti Vladimir Putin

 

Elə həmin gün Aleksandr Litvinenko vəfat etmişdi.

Onun xanımı Marinaya cənazə ilə vidalaşmaq icazəsi verilmişdi. “Mən çox məmnun idim ki, Saşa ilə sonuncu dəfə görüşmək üçün mənə icazə verilmişdi” – deyə ağlayırdı Marina.

"Bu Britaniya vətəndaşı üzərinə məkrli hücum idi və onun bu hücumdan xilas olmaq şansı demək olar, yoxdu, - deyir Nathwani, - Mən 20 ildən çoxdur ki, müşavir işləyirəm, amma belə bir şey görməmişəm və gələcəkdə də görmək istəməzdim”.
Polis üçün bu iş artıq qətl hadisəsi olmuşdu. Müəyyən vaxtda bələdiyyə polisinin 100 xəfiyyəsi bu işlə məşğul idi. Əgər Litvinenko bircə həftə əvvəl vəfat etsəydi işi “izaholunmaz ölüm” kimi sənədləşdirəcəkdilər. Müəyyən mənada bu belə idi. Ortalıqda paytaxt boyunca və onun hüdudlarından kənara uzanan radioaktivlik izi vardı.

Polonium aşkar ediləndə Marina Litvinenkoya bildirildi ki, öz evində qalması onun üçün təhlükəli ola bilər. “Hər şeyimi itirdim. Bəzi əşyaları özümlə götürüb evdən çıxmaq üçün yalnız 15-20 dəqiqə vaxtım var idi” – deyir Marina.

Hökumətin mülki fövqəladə hallar komitəsi – Cobra bu hücumdan sonra həftədə dörd dəfə görüş keçirmişdi. Komitə radiasiyaya məruz qalmış otelləri bağlamaqla həyəcan yaradacağından narahat idi.

Bir mənbənin “Newsnight” proqramına bildirdiyinə görə komitə hətta London metrosunun qatar və stansiyalarını yoxlamış və polonium izləri tapmışdı. İctimaiyyət arasında panika yaratmamaq üçün həmin vaxt bu informasiya gizli saxlanmışdı.

“Biz bu hadisə ilə əlaqədar olan şəxslərin uçduğu təyyarələrdə, bir futbol stadionunda, restoranlarda, otellərdə polonium tapmışdıq. İctimaiyyətin narahatlığı tamamilə başa düşülən idi” – deyir Peter Clarke. O bildirir ki, 40-dan artıq yer şüalanmışdı.
Aleksandr Litvinenko ilə “Millennium” otelində görüşmüş iki şəxs - Andrey Luqovoi and Dmitri Kovtun - əsas şübhəli olmuşdular.

Polonium izi 2006-cı ilin 16 oktyabrından, Litvinenko Luqovoy və Kovtunla Londonda görüşəndən başlanırdı. Onların nahar etdikləri suşi barı şüalanmışdı. Belə düşünülür ki, o vaxt ilk sui-qəsd cəhdi edilibmiş.

Onlar gecəni Shaftesbury Avenue küçəsindəki “Best Western Hotel” mehmanxanasında keçirmişdilər. Sonradan onların hər ikisinin otaqlarında güclü şüalanma aşkarlanmışdı.

Luqovoy Londona bir də oktyabrın 25-də qayıtmışdı. Onun Park Lane küçəsində, Sheraton otelindəki otağında da şüalanma vardı.

Üç gün sonra o Moskvadan Londona uçmuşdu. Onun uçduğu British Airways reysində də polonium izi tapılmışdı.
Kovtun da noyabrın 1-də Moskvadan Hamburqa uçmuşdu. Bu şəhərdə onun olduğu yerlərdə də polonium izləri aşkar edilmişdi.

Bu Kovtunla Luqovoyun Litvinenko ilə “Millennium” otelinin “Pine Bar”ında görüşdükləri gün idi. Bu bar bütün məkanların içində ən çox şüalanmışı idi.
Otelin təhlükəsilik kameralarında Luqovoy, daha sonra isə Kovtunun Biznes Mərkəzinin qarşısındakı ayaqyoluna daxil olduqları görünür. Luqovoy əlini cibinin dibinə basmışdı. O cibində zəhərmi gəzdirirdi?

O bunları inkar edir, lakin ayaqyolundakı əlüzyuyanlarda və əlqurudanda güclü polonium-210 şüalanması aşkar edilib. Ayaqyolu kabinələrinin birinin qapısında da şüalanma var idi.

Luqovoyun və Kovtunun hərəkətləri xəritələndikdə və bu, sonradan poloniumla zəhərlənmiş yerlərin xəritəsi ilə tutuşdurulduqda iki sxem bir-birilə tam üst-üstə düşür.

Təqsirin dəlilləri çox güclü idi. 2007-ci ilin mayında Dövlət Prokurorluğunun direktoru Ken Macdonald elan etmişdi ki, Andrey Luqovoya qarşı qətl ittihamı irəli sürülüb və onun Rusiyadan ekstradisiyası üçün müraciət olunacaq. Kovtuna qarşı cinayət işi 2010-cu ildə qaldırılıb.

“Bu təsadüfi bir qətl olmayıb – deyir lord Macdonald, - Bu qətl çox aydın məqsəd daşıyıb və bu qətldə dövlətin müəyyən rolu olub”.

Əslində, bu işin Rusiya dövləti ilə əlaqəsinə dair sübutlar nə dərəcədə güclüdür?

Qətl alətinin polonium olması barədə elmi əsaslar kifayət qədər güclüdür. Rusiyanın nüvə obyektləri ilə yaxından tanışlığı olan fizik, professor Norman Dombey mülki təhqiqata ifadə verib.

Dombey deyir ki, qətldə istifadə olunacaq qədər poloniumun istehsal oluna biləcyi yeganə bir yer var və bu da Rusiyanın qapalı şəhərlərindən olan Sarov yaxınlığındakı “Avanqard” zavodunun nüvə reaktorudur. Sarov Stalin zəmanəsində rusların ilk nüvə bombasını istehsal etdikləri yerdir. Bu, hadisənin Rusiya dövləti ilə bağlılığını göstərən aydın sübutdur.

Lakin mütəşəkikil cinayətkarların və ya özbaşına agentlərin sanksiyalanmamış əməliyyatda polonium-210-dan istifadə etmələri nə dərəcədə ağlabatandır? Dombey bu suala mənfi cavab verir. “Polonium-210-na aid nə varsa, hamısı dövlət tərəfindən tənzimlənir. Onun daşınması da, istifadəsi də dövlət tərəfindən tənzimlənir”.

 


Litvinenkonun həmmüəllifi olduğu kitab. O bu şəkli 2002-ci ilin mayında, öz evində çəkdirib

Lakin Rusiya dövləti onun öldürülməsini niyə istəməliydi? Rusiya arxivlərinin nəzərdən keçirilməsi suala güclü cavab verir.
Bu aydındır ki, Aleksandr Litvinenkonun Rusiyada qüdrətli düşmənləri vardı. Rusiya televiziyasının 1999-cu ilə aid bir süjetində onun dava-dalaş və partladıcıların oğurlanması ilə bağlı məhkəməsinin görüntüləri var. O deyirdi ki, ona qarşı ittihamlar qondarmadır.

Həmin vaxt o, DTK-nın xələfi olan təşkilat - FTX-də polkovnik-leytenant idi. Bu o vaxtlar idi ki, FTX-yə Vladimir Putin rəhbərlik edirdi.

Məhkəmə onun təqsirsiz olduğunu sübuta yetirdi, lakin bu anda gizli dövlətin qüdrətini göstərən hadisə baş verdi. O Rusiya təhlükəsizlik xidmətləri tərəfindən təkrar həbs olunub aparıldı.

O az qala bir ilini həbsxanada keçirmişdi. O azad olunan kimi, onun dostu Yuri Felştinski bir Rusiya generalına baş çəkib Litvenonkunun təhlükədə olub-olmadığını öyrənmək istəmişdi.

"O dedi ki, Litvinenko xəyanat edib və onun təşkilatında belə hərəkətin cəzası ölümdür – deyir Felştinski – Və əgər onu qaranlıq bir dalanda görsəydi, öz əlləri ilə öldürərdi”.

2000-ci ildə Litvinenko ailəsi ilə birlikdə Birləşmiş Krallığa qaçmışdı. O Londonda Rusiyada investisiya yatırmaq istəyən bizneslər üçün məsləhətçilik edirdi. O, həm də Vladimir Putinin kəskin tənqidçisi olan milyonçu Boris Berezovski üçün pullu təhlükəsizlik işi görürdü.

Litvinenko FTX-də çalışanda onun vəzifəsi Rusiya mafiyası barədə məlumatların məruzə olunması idi. Sürgündə olarkən o, keçmiş təcrübəsindən Britaniyanın Mİ6 Məxfi Kəşfiyyat Xidmətinə kömək üçün istifadə etmək istəyirdi. O Mİ6-nın adamı “Martin”lə Pikadilidəki “Waterstones” kitab mağazasının kafesində görüşərdi.

Mİ6 onu İspaniyadakı kəşfiyyat həmkarları ilə işləməyə ürəkləndirmişdi. Çox nadir müsahibələrindən birində İspaniyanın antimafiya prokuroru Jose Grinda ispanların nə üçün Litvinenko ilə əməkdaşlıq etmək istədiklərini belə izah edirdi.
Vaxtilə Amerika hökumətini, Rusiyanın əslində “mafiya dövləti” olduğu barədə gizli məlumatlandıran Grinda deyir: “Bizim İspaniyadakı hədəflərimizi əvvəllər Litvinenko da hədəfləmişdi. Bizim ona ehtiyacımız vardı, çünki Litvinenko onları tanıyırdı. Çünki o əvvəllər onlara qarşı mübarizə aparmış, onları təhqiq etmişdi”.

BBC tərəfindən əldə olunmuş sənədlərdən görünür ki, ispanlar İspaniyada fəaliyyət göstərən Rusiya mafiyasını küncə sıxıbmışlar. Sənədlərdə bir müsahibənin mətnindən görünür ki, mafiya üzvü olduğu iddia edilən şəxslərdən biri polisin xəbərçisi olmağa razılıq da veribmiş. Həmin adam iddia edirdi ki, Putin hakimiyyətdə qaldıqca mafiyanın gücü tükənməyəcək. Bu bəyanatı verdikdən az sonra həmin adam müəmmalı avtomobil qəzasında həlak olub.

"Biz Rusiya kriminalları ilə Rusiya administrasiyası, prokurorluğu, ordusu və hətta Rusiya hökuməti üzvləri arasındakı əlaqəni aşkar etmişik” – deyirdi Grinda.

 


Boris Berezovski Litvinenkonun vəfatının birinci ildönümündə London Universiteti Xəstəxanasının (University College Hospital) yanında

 

Bununla belə, Britaniya kəşfiyyatının divarları arasında hakim olan düşüncədən xəbərdar mötəbər mənbə hesab edir ki, Litvinenkonun qətlinə səbəb, onun Qərb kəşfiyyatına işləməsi olmayıb. Mİ6-nın mülahizələrinə görə, Litvinenkonun öldürülməsinin səbəbi onun prezident Putinə qarşı birbaşa və son dərəcə ziddiyyətli iddialar irəli sürərkən iki qırmızı xərtti keçməsi olub.

Birinci qırmızı xətt onun həmmüəlifi olduğu “Rusiyanın partladılması” adlı kitab idi. Bu kitab 1999-cu ildə Moskvada törədilmiş bir terror aktı barədə idi. Bu basqına görə çeçen separatçılar ittiham edilirdilər.

Litvinenko isə belə bir sensasiyalı iddia etmişdi ki, Putinin yeni Çeçenistan müharibəsinə başlamasına bəhanə vermək üçün, hücumu Rusiyanın öz təhlükəsizlik xidmətləri təşkil edib. Bu hücumda 300-dək insan həlak olmuşdu.

Onun həmmüəlifi Felştinski öz mövqeyində qalır və deyir: “Bu hücum Putinə kömək edib. Əhalinin reaksiyası bu oldu ki, bizim indi güclü liderimiz var”.

Kreml bu iddianı keçmişdə qətiyyətlə təkzib edib.

İkinci qırmızı xətt Litvinekonun, qətlə yetirilməzdən dörd ay əvvəl, 2006-cı ilin iyulunda internetdə dərc etdiyi məqalə idi.
Litvinenko bir sıra ağlasığmaz iddialar edirdi. O iddia edirdi ki, Rusiya prezidenti uşaqbazdır və iddiasını Putinin bir oğlan uşağının qarnını öpməsini göstərən video görüntüsü ilə əsaslandırmağa çalışırdı.

Bu qalmaqallı bir iddia idi. Putin izah etmişdi ki, “bu hərəkətin arxasında heç nə yoxdur”. Rusiya prezidenti BBC-ə demişdi : “Qəşəng uşaq idi. Mən onu bir balaca əzizləmək istəmişdim. Pişik balası kimi və öpməyimin də mənası bu idi”.
Bütün hallarda bu, irəli sürülməsi qorxulu olan iddialar idi.

Marina Litvinenko faktları aşkara çıxarmaq üçün əsl mübarizəyə qalxmışdı. O deyirdi: “Mən Saşaya söz vermişəm ki, bir gün adamlar onun haqqında həqiqəti biləcəklər”.

Ərinin qətlindən 8 il sonra, 2014-cü ildə o, mülki araşdırma üçün etdiyi iddianı uddu. Nazirlər buna 2013-cü ildə rədd cavabı vermişdilər. İstintaqın başçısı lord Robert Owen deyib ki, bu qətl üçün Rusiya dövlətinin məsuliyyət daşıdığını isbat edən kifayət qədər dəlillər var. O bu ilin sonunadək istintaqın nəticələri barədə hökumətə hesabat verməlidir.

Rəsmi olaraq, Rusiya bu qətllə hər hansı bağlılığını inkar edir. Andrey Luqovoy 2007-ci ildə Rusiya parlamentinin üzvü seçilib. Bu, ona hər hansı istintaqdan immunitet verib. Üstəlik elə bu il Vladimir Putin onu “Vətən qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib. O öz təqsirsizliyini isbat etmək məqsədilə Rusiyada “yalan detektoru” sınağından keçib.

Digər əsas şübhəli hazırda Rusiyada biznes məsləhətçisi kimi fəaliyyət göstərən Dmitri Kovtundur. O ötən həftə ictimai dinləmə qarşısında ifadə verməli idi, lakin son anda fikrini dəyişdi. O deyib ki, ifadə vermək üçün Rusiyanın hakimiyyət orqanlarından icazə ala bilməyib.

Bundan sonra istintaq xüsusi qapalı iclasında kəşfiyyat idarələrinin məxfi ifadələrini dinləyəcək.
Təhqiqat ilin sonunadək hesabat verməlidir. Ona qədər isə müəmma davam edəcək.

 


Polonium-210 böyük həcmdə alfa şüalanması verir, lakin qamma şüalanması demək olar ki, olmur/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar