İspaniyanın məşhur İbiza kurortunda 1 milyon 150 min funt sterlinq dəyərində saatı oğurlanan 22 yaşlı Azərbaycan vətəndaşının Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin olduğu qeyd edilən məlumatlar yayılıb.
Qazeta.info xəbər verir ki, bu dəfə sosial şəbəkələr və bəzi saytlarda İspaniyada oğurlanan saatın SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin olmasını iddia edən sənədlər yayılıb.
Bildirək ki, ötən gün Azərbaycan mətbuatında, son həftələrdə İbiza Milli polisinin xüsusi və zorakı cinayətlərlə mübarizə Şöbəsi İbizada dincələn zəngin turistlərin dəbdəbəli saatlarını oğurlamaqla məşğul olan qrupun rəhbərini yaxalaması barədə xəbər də yer alıb.
Məlumat üçün bir daha bildirək ki, “Richard Mille 50-03 MCLaren F1” markalı saatından dünyada cəmi 75 ədəd istehsal olunub. O, dünyada ən yüngül saatdır, ağırlığı cəmi 40 qramdır. Bu cür aşağı çəkini almaq üçün saatın hazırlanmasında titandan və TRT adlı mineraldan, poladdan 200 dəfə möhkəm olan nanomaterialdan istifadə olunub.
Bildiyiniz kimi, ilk öncə saatın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədliyə məxsus olduğu iddia olunsa da, sonradan mətbuatda, qeyd edilən saatın Azərbaycan əsilli milyarder Fərhad Əhmədovun oğluna aid olduğu bildirildi. Lakin çox keçmədi ki, Fərhad Əhmədov bu xəbərlərin həqiqətə uyğun olmadığını mətbuat vasitəsi ilə bəyan etdi.
Məsələ ilə bağlı yaranmış vəziyyət, ictimayyətin müzakirəsini səngitməyib. Çünki ortada çoxlarının təsəvvür belə edə bilmədiyi, hansısa məmur övladının dəbdəbəli həyat tərzi və ölkə xaricində oğurlatdığı iddia edilən dəyəri 2.5 milyon manata yaxın olan qol saatı var.
Xatırladaq ki, məlum hadisə ilə bağlı AAYDA rəhbəri Saleh Məmmədovun və oğlunun adının hallanması çox sürətlə mətbutda xəbərə çevrilsə də, bu saatın Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin olması iddiası xəbərə dönüşdürülə bilmədi.
Bunun səbəblərindən biri, zaman-zaman Rövnəq Abdullayev ilə bağlı tənqidi yazı yayımlayan xəbər saytlarının hakerlərin hücumuna məruz qalması olsa da, ikincisi qeyd edilən xəbərin bu dəfə də öz təsdiqini tapmaması halında, müstəqil mətbuata inamsızlıq yaratmaq istəyənlərin xeyrinə olması ehtimalıdır. Çünki, dəfələrlə ölkəmizdəki bəzi cinayətkar və rüşvətxor məmur qruplaşmaları bu tip hərəkətlərdən sui istifadə edərək, mətbuatı gözdən salmağa cəhd ediblər.
Əlavə olaraq qeyd edək ki, mətbuatda Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev və dayısı oğlu Anar Əliyevin varidatı və milyonların mənbəyi haqında dəfələrlə tənqidi yazılar dərc edilib.
P.S. Qazeta.info bildirir ki, məsələ ilə bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.