Gec-tez ABŞ başa düşəcək ki, Azərbaycanla strateji maraqları var və bu maraqları qorumaq lazımdır.
Məlumata görə, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Minsk Qrupundakı amerikalı eks-həmsədr Metyu Brayza deyib.
Onun sözlərinə görə, hələlik rəsmi Vaşinqton Azərbaycanın maraqlarını müdafiə etməyə tələsmir. Lakin bir müddətdən sonra ABŞ başa düşəcək ki, Azərbaycana daha çox diqqət ayırmalı və bu ölkənin maraqlarını qorumalıdır.
ABŞ-ın Cənubi Qafqaz regionuna az diqqət ayırdığını deyən Brayza bildirib ki, rəsmi Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həllinə də az diqqət ayırır.
"Mən ABŞ hökumətini bu münaqişənin həlli üçün ciddi addımlar atmağa çağırıram. ABŞ prezidenti Barak Obama Azərbaycan və Ermənistan prezidentləri ilə görüşməlidir. Bu görüşlər mütəmadi olmalıdır. Necə ki, bunu Dmitri Medvedev prezident olarkən etmişdi. Bundan başqa Obama beynəlxalq ictimaiyyətə nümayiş etdirməlidir ki, Dağlıq Qarabağ münaqişəsi ABŞ üçün vacib məsələlərdən biridir", deyə Brayza bildirib.//AnsPress