ABŞ prezidenti Barak Obama prezidentliyi dövründə ilk dəfə olaraq ölkəsində məscidi ziyarət edib.
Məlumata görə, prezidentin Baltimorda yerləşən məscidə planlaşdırılan səfərinin əsas məqsədi cəmiyyətdə antiislam əhvalının yarandığı bir vaxtda müsəlmanlara dəstək nümayiş etdirmək olub.
ABŞ lideri Baltimor şəhərində İslam Cəmiyyətində müsəlman amerikalılarla görüşüb. Obama həmçinin müsəlman amerikalıların narahatlıqlarını müzakirə etmək və onların fikirləri ilə tanış olmaq məqsədilə dəyirmi masa söhbətində iştirak edib.
Səfər çərçivəsində Obama Baltimorun İslam Cəmiyyəti liderləri ilə görüşüb və dini azadlıq mövzusunda çıxış edib. Ağ Evin sözçüsü Coş Ernest prezident Obamanın bundan əvvəllər də xarici ölkələrə səfərləri zamanı məscidləri ziyarət etdiyini qeyd edib.
Baltimorda yerləşən İslam Cəmiyyəti
Daha əvvəl ABŞ-da Respublikaçılar paritiyasından prezidentliyə namizəd milyarder Donald Tramp ölkəyə müsəlmanların buraxılmaması tələbi ilə çıxış edib.
Milyarderin sözlərinə görə, müsəlmanlar Amerikaya nifrət edirlər və milləti zərbə altına qoya bilərlər. "Siyasətçi" hesab edir ki, ABŞ hakimiyyəti insidentlə bağlı araşdırmanı sona çatdırana qədər, sərhədləri bağlamalıdır.
Prezidentliyə namizədin sözlərinə Ağ evdən də reaksiya gəlib. Rəsmi qurum bildirib ki, Trampın ifadələri ABŞ-ın milli maraqlarına ziddir.
Donald Tramp - ABŞ prezidentliyinə namizəd, milyarder./anspress/