ABŞ prezidenti Barak Obamanın ata yurdu Keniyaya səfəri zamanı rəqs etməsi kameralara həkk olunub.
Məlumata görə, Barak Obama Nayrobidə onun şərəfinə təşkil olunmuş ziyafətdə “Sauti Sol” qrupunun çıxışı zamanı keniyalı həmkarı Uxura Keniata ilə birgə rəqsə qoşulub. Keniya prezidentinin yoldaşı da onları rəqsdə tək buraxmayıb.
Xəbər verilir ki, prezidentlər məşhur Keniya rəqsi olan “Lipala”nı oynayıblar.
Videodan göründüyü kimi Barak Obama illər keçməsinə baxmayaraq, ata yurdunun milli rəqsini unutmayıb. Bundan əvvəl Obama 2007-ci ildə məşhur “Ellen şou” proqramınına qonaq gələn zaman göstərdiyi rəqs performansı ilə yadda qalmışdı.
Obama Keniyaya səfərinin sonunda etdiyi çıxışında ölkənin əldə etdiyi nailiyyətləri alqışlayaraq qarşıda duran sınaqları da qeyd edib. Obamanın fikrincə, Kenya son onilliklər ərzində iqtisadi və siyasi cəhətdən xeyli irəliləyib. Eyni zamanda, ABŞ prezidenti xəbərdarlıq edib ki, korrupsiya, terrorçuluq, etnik ziddiyyətlər, tayfaçılıq, yerliçilik kimi hallar ölkənin gələcəyi üçün təhlükə kəsb edə bilər.
Barak Obamanın Keniyada çıxışı
Obamanın Keniyaya səfəri cümə günü başlayıb, və onun ata yurduna prezident qismində ilk səfəridir. Keniya prezidentilə danışıqlardan sonra hər iki lider "terrora qarşı mübarizədə" ölkələrinin birgə olduğunu qeyd ediblər.
Qeyd edək ki, Obamanın Keniya səfəri artıq başa çatıb. O hazırda digər Afrika ölkəsi olan Efiopiyadadır. Çərşənbə axşamı Efiopiyada Afrika Birliyinin sammiti keçiriləcək və Barak Obama həmin sammitdə çıxış edəcək ilk ABŞ prezidenti olacaq./anspress/