Gürcüstan hökumətinin Rusiyanın “Qazprom” şirkəti ilə qazla bağlı danışıqları ölkədə müxalifət tərəfdarlarının etirazı ilə qarşılanıb.
Məlumata görə, “Rustavi 2” telekanalının keçirdiyi sorğu da göstərib ki, dövlət üçün siyasi və iqtisadi risklə nəticələnə biləcəyini əsas gətirərərək, ölkə vətəndaşlarının çoxu “Qazprom”un ikinci gəlişindən narazılıq edib.
Gürcü ictimai xadimi və siyasi şərhçi Maya Orcanikidze haqqın.az-a verdiyi müsahibədə bildirib ki, “Qazprom” Gürcüstanın 20 faiz ərazisini işğal altında saxlayan ölkəyə məxsusdur. Maya Orcanikidze bu şirkətin yenidən ölkəyə gətirilməsində keçmiş baş nazir Bidzina İvanişvilinin əlinin olduğunu iddia edib:
“Hər şey aydındır. Bidzina İvanişvili Rusiya prezidenti Vladimir Putinin təkcə silahdaşı, kuklası deyil, o həm də “Qazprom”un ən böyük özəl səhmdarıdır. Ölkənin faktiki rəhbəri olan bu şəxsin maliyyə maraqları ilə ölkənin milli maraqları arasında birbaşa ziddiyyət hökm sürür”
Maya Orcanikidze - gürcü siyasi şərhçisi
Siyasi şərhçi eks-prezident Mixail Saakaşvilinin Gürcüstanın Rusiyadan enerji asılılığı olmaması üçün güc sərf etdiyini xatırladaraq vurğulayıb ki, hələ Avropanın böyük hissəsinin Rusiya qazından asılı olduğu vaxtlarda belə Saakaşvili məqsədinə nail olmuşdu.
“İndi isə Qərb “Qazprom”dan asılılığı üzərindən atdığı bir vaxtda, qonşuluğundakıların hamısının ondan qaçdığı halda, Bidzina İvanişvili Gürcüstanı təhlükəli bataqlığa sürükləmək istəyir. Bu, həm də ona görə səhv və eybəcər addımdır ki, Azərbaycan heç vaxt Gürcüstan üçün narahatlıq yaratmayıb, heç vaxt Gürcüstanı məyus etməyib, enerji öhdəliyini hər zaman yerinə yetirib” deyə Maya Orcanikidze vurğulayıb.
Xanım siyasətçi bildirib ki, İvanişvili Putinin xeyrinə olsun deyə, Gürcüstanın öz strateji müttəfiqi olan Azərbaycanla münasibətlərini pozmağa çalışır.
Gürcüstan son vaxtlar qaz idxalı üçün Rusiyanın "Qazprom" şirkəti ilə danışıqlar aparır. Qonşu ölkə hazırda əsas ixracatçı olan Azərbaycanın bu ölkəni qazla tam təmin edə bilmədiyini əsas gətirir və qiymətin aşağı salınmasını istəyir./anspress/