Məlumata görə, Yasamal rayonu, Xıdır Mustafayev küçəsində yerləşən evin söküntüsünə başlanılıb.
Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, evin sökülmə səbəbi orada tikilən hündürmərtəbəli bina ilə əlaqədardır. Sakinlər bildiriblər ki, nurçuların evlərinin yaxınlığında yaşayış binası tikilir və bu səbəbdən də ətrafda olan evlər tikinti ilə məşğul olan şirkət tərəfindən satın alınıb.
Qeyd edək ki, bir neçə ay öncə də həmin ərazidə yerləşən nurçulara məxsus ev sökülüb.
Xatırladaq ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X.Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilmişdi
E.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompyuter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülmüşdü. //AnsPress