Regionlardan orta bazar qiymətinə satın alınmış məhsullar Novruz bayramı münasibətilə təşkil edilən yarmarkalara çıxarılıb.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin mətbuat xidmətindən Azərtag-a bildirib ki, qurum Novruz bayramı ilə bağlı tədarük prosesini daha da gücləndirib, region fermerlərindən alınaraq paytaxta gətirilən məhsulların həcmi artırılıb.
ASC Novruz bayramının başlaması ilə əlaqədar regionlarda yerli fermerlərdən tədarük olunmuş kənd təsərrüfatı məhsullarının yarmarkalarda satışına başlayıb. Cəmiyyətin nəqliyyat vasitələri tərəfindən regionlardan paytaxta gətirilən məhsullar fermerlərdən orta bazar qiymətinə alınır.
Yarmarkalar bu ünvanlarda təşkil olunub: Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə liseyinin həyəti; Xətai rayonu, Bakı kinoteatrının yanı; Sumqayıt şəhəri, köhnə avtovağzalın ərazisi.
Yarmarkalara ASC tərəfindən 100 tondan çox kənd təsərrüfatı məhsulları təklif olunub. İstehlakçılara bayram günlərində də eyni həcmdə və bol çeşiddə məhsullar təqdim ediləcək.