Nizami rayonunda uşaq meydançaları sökülür
24.05.2016 1000 0.0 0

“Binamızın qarşısında uşaqların oynamaqları üçün bir balaca meydançamız var idi, indi onu da əlimizdən alıblar. Meydançadakı karusellər, skamyalar sındırılıb, 10-dan artıq ağac isə kəsilib. Qalıb təkcə “besedkamız”, onu da, yəqin, bu gün-sabah sökərlər. Yerinə isə hansısa şirkət bina ucaldır...”

Bunu Nizami rayonu, İsmayıl Məmmədov küçəsi 7 ərazisində yerləşən binada yaşayan sakinlər deyir. Onların sözlərinə görə, binanın qarşısındakı kiçik meydança təkcə uşaqlar üçün deyil, yaşlılar üçün də istirahət zonası idi.


“Parka getməyə pulum yoxdur, cəmi 85 manat pensiya alıram. Meydançada nəvələrimlə düşüb otururdum, onları gəzdirirdim. Orada “besedka” düzəltmişdik, uşaqlar üçün karusellər vardı, onu da bizə çox gördülər. Tikinti aparan deyir ki, xala, sən qocasan, meydançanı neynirsən”, - deyə 68 yaşlı Ziba xala gileyləndi.

Sakinlər məsələ ilə bağlı Nizami rayon icra hakimiyyətinə, Prezident aparatına şikayət etdiklərini bildirdilər. Məlum oldu ki, hətta tikinti aparanlarla bina sakinləri arasında bir neçə dəfə qarşıdurma da yaşanıb. Qarşıdurma təkcə meydançaya görə deyil, eyni zamanda binanın qarşısında qarajları olan sakinlər arasında da olub. Hətta iş məhkəməyə qədər çatıb.

 

 

 

 

Tikinti aparan şirkət nümayəndələri sakinlərə bildiriblər ki, ərazini qanuni şəkildə alıblar, ona görə də etiraz etməyə səbəb yoxdur. Sakinlərin sözlərinə görə, sözügedən uşaq meydançasını, qarajları söküb yerinə bina ucaldan şirkətin adı “Ayan A yaradıcılıq MMTK”dır, rəhbərin adı isə Eldənizdir.

Şirkət rəhbəri ilə əlaqə qurmaq imkanımız olmasa da özünü inzibatçı kimi təqdim edən Rövşən Əzizov ilə danışdıq. Məlum oldu ki, onlar, həqiqətən də, adıçəkilən ünvanda bina tikirlər. Amma şirkət nümayəndəsinin sözlərinə görə, həmin ərazidə uşaq meydançası olmayıb, orada yalnız  12 qaraj olub ki, onun da 11-nin sahibi ilə razılığa gəlinib, onları söküblər, yalnız birinin sahibi ilə razılaşa bilmirlər və qaraj sahibi şirkəti məhkəməyə verib.


“Bizim bütün sənədlərimiz qaydasındadır. Bütün inşaat normaları gözlənilir. Biz müvafiq icra orqanlarının verdiyi sənədlər əsasında tikinti işləri aparırıq. Şirkətimiz hətta işlər bitdikdən sonra həmin ərazinin abadlıq işlərinə 100 min manat civarında pul ayırıb. Orada insanların rahatlığı üçün əlavə guşələr salınacaq, uşaqlar üçün attraksionlar quraşdırılacaq”.

Nizami rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tariel  Tahirov  bildirdi ki, İsmayıl Məmmədov küçəsində adıçəkilən şirkət üçün torpağın ayrılması ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı var. Qurum rəsmisi həmin sərəncamla bina sakinlərini tanış etdiklərini də qeyd etdi.

“Orada heç kimin əlindən meydança alınmır. Sakinlərin narazılığı meydançaya görə deyil, onlar bir nəfərin qaraja görə şikayətini dəstəkləyirlər. Həmin şəxs də vaxtı ilə ona verilən 18 kvadrat metrdən artıq ərazidə qaraj tikib. Təxminən 40 kvadrat metr. Onun işi də hazırda məhkəmədədir”, - deyə Tariel  Tahirov əlavə etdi.

Meydança problemi ilə üzləşən təkcə yuxarıda qeyd olunan ərazidəki bina sakinləri deyil, paytaxt sakinlərinin bir çoxunun problemi eynidir. Bunun nəticəsidir ki, indi 10 il bundan əvvəlki kimi həyətdə müxtəlif oyunlar oynayan uşaqları, “besedka”larda oturub nərd atan, domino oynayan sakinləri görmək mümkün deyil.

Bir neçə gün bundan əvvəl isə sosial şəbəkədə yayılan bir video hamının müzakirə obyektinə çevrilib. Videoda yerdə topla oynamağa məkan tapmayan uşaqlar “göyə” çıxıblar. Yəni onlar 9 mərtəbəli binanın damında topla oynamaq məcburiyyətindədirlər. Bu görüntülər Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 34 ünvanında yerləşən binanın damındandır.

 


Beynəlxalq təcrübədə bina və onun qarşısında meydançaların hansı vəziyyətdə olduğu ilə maraqlandıq. Qarşımıza çıxan mənzərə paytaxtımızdakı vəziyyət ilə müqayisəyə gəlmir. İspaniyanın paytaxtı Madriddə, eləcə də digər Avropa ölkələrində bina tikilirsə, onun qarşısında nəinki uşaqların və yaşlıların istirahəti üçün xüsusi ərazi, eləcə də bina sakinlərinin rahatlığı üçün marketlər, apteklər, bağca və məktəblər də salırlar. Amma bizdə bunu yalnız yeni ucaldılan şəxsi binalarda görmək mümkündür.

 

Avropada binanın qarşısı


Bu gün şəhər və rayonlarımızda yetəri qədər oyun meydançasının olmaması və ya özəlləşdirilib dağıdılmasını əsas problemlərdən biridir. Gəlin unutmayaq ki, uşaqlar bizim gələcəyimiz, yaşlılar isə keçmişimizdir. Odur ki, aidiyyəti orqanlar hər hansı bir sənədi təsdiqləyəndə ilk öncə bunu nəzərə alsalar daha yaxşı olar. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar