İsrailin baş naziri Binyamin Netanyahu BMT Təhlükəsizlik Şurasında çıxış etmiş Fələstin lideri Mahmud Abbası sülhdən yayınmaqda və terrorçuluğu maliyyələşdirməkdə günahlandırıb.
Qeyd edək ki, Nyu Yorkda səfərdə olan M.Abbas İsrail-Fələstin münaqişəsinin nizamlanması üzrə yeni çoxtərəfli mexanizmin yaradılması üçün beynəlxalq konfransın çağırılmasını tələb edib.
“Abbas yeni heç bir şey demədi. O sülhdən qaçmaqda və terrorçulara və onların ailələrinə ildə 147 mln. dollar ödəməkdə davam edir”, - deyə B.Netanyahunun bəyanatında bildirilir.
İsrail tərəfinin iddiasına əsasən, İsrail vətəndaşlarına qarşı törətdikləri hücumlara görə öldürülən, yaralanan və həbs edilən fələstinlilərin ailələrinə hər il ödənilən vəsaitlər Fələstin Milli Administrasiyasının illik büdcəsinin 7 faizini təşkil edir.
Fələstinlilər isə 35 min ailə arasında paylaşdırılan bu vəsaitləri işğal qurbanlarına yardım adlandırırlar. İsrail və ABŞ hesab edirlər ki, Fələstin administrasiyası bununla terrora bəraət qazandırır və davam etdirilməsini stimullaşdırır. /apa/