Moskvanın mərkəzində öldürülən müxalifət lideri Boris Nemtsovun qızı Janna Nemtsova atasının siyasi motivlər əsasında öldürüldüyünü bildirib.
Məlumata görə, bu haqda Janna “The Times”-ə müsahibəsində danışıb.
Putin hakimiyyətini ittiham edən Nemtsovun qızı əmindir ki, sui-qəsd onun atasının siyasi fəaliyyətinə həyata keçirilib: "Bu qisas idi və cinayətkarların məsuliyyətə cəlb olunacağına inanmıram. Kimisə sübutsuz ittiham etmək olmaz. Məndə bu sübutlar yoxdur. Bütün bunlar mənim təəssüratlarımdır, lakin tamamilə əminəm ki, atam öz prinsip və fəaliyyətinin qurbanı olub. Mən bilirəm ki, hakimiyyət nümayəndələri atamın onlar üçün təhlükəli olmadığını deyib. Amma əgər atam təhlükə törətmirdisə, müxalifət liderini öldürmək nəyə lazım idi?”.
Boris Nemtosun qızı qeyd edib ki, aparılan rəsmi araşdırmaya inanmır: "Müstəntiqlər mərhumun yaxınları olaraq bir dəfə olsun bizlə əlaqə qurmayıblar və bizlərə heç bir sual verməyiblər".
Janna Nemtsova atası ilə son dəfə danışdığı günü belə xatırlayıb: “Atamla sonuncu dəfə cümə günü axşam danışdım. Həmin gecə anam da bizə qonaq gəlmişdi. O, yatmaq istəyərkən telefon zəng çaldı. Atamın ölüm xəbərini bizə çatdırdılar. Anamın qışqırıq səslərini eşitdim. Fikirləşdim ki, oğrular evimizə giriblər”.
31 yaşlı Janna Nemtsova jurnalistdir. “RBK” telekanalında aparıcı kimi çalışır./anspress/