Öldürülməsi ilə dünyaya səs salan rusiyalı müxalifətçi lider Boris Nemtsovun qətlində şübhəli bilinən şəxslərdən biri özünü partladıb.
İnterfax-a istinadən verilən məlumata görə, bu xəbəri hüquq-mühafizə orqanlarında işləyən mənbə verib.
Polislər şübhəlinin saxlanılması üçün əməliyat həyata keçiriblər. Polis tərəfindən mühasirəyə alınan cinayətkar əlində olan iki qumbaradan birini polis əməkdaşlarına atıb, digəri ilə özünü partladıb.
Özünü partladan şəxs hadisə ilə əlaqədar axtarılan 4 nəfərdən biri idi.
Qeyd edək ki, artıq Nemtsovun qətlində şübhəli bilinən iki nəfər saxlanılıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun sözlərinə görə, saxlanılanlar Zaur Dadayev və Anzor Qubaşevdir. İlkin məlumatlara görə, onlar qətlin bilavasitə icraçısıdır.
Moskvanın Basmannı məhkəməsinin həmin şəxslərin həbs edilməsi barədə işə martın 8-də baxacağı gözlənilir.
Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib./anspress/