Rusiyalı siyasətçi Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev özünün və digər təqsirləndirilən şəxslərin cinayət törətdiyini etiraf edib.
Məlumata görə, Moskva Şəhər Məhkəməsində Rusiya İstintaq Komitəsinin nümayəndəsi bildirib ki, cinayətdə təqsirləndirilən Həmzat Baxayevin əlinin olması Zaur Dadayevin ifadəsi ilə təsdiqlənib.
Müdafiə tərəfi isə H. Baxayevin 7 uşaq atası olduğunu əsas gətirərək, onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb.
Rusiya İstintaq Komitəsi isə Baxayevin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməməsini məhkəmədən xahiş edib. İstintaq onun azadlığa buraxılacağı təqdirdə qaçıb gizlənəcəyi, istintaqdan yayılacağı ehtimalının yüksək olduğunu bildirib.
Qeyd olunub ki, B. Nemtsovun qətli ilə bağlı cinayət işi, sifarişçilər və qətldə əli olan digər şəxslərin axtarışları davam etdirilir.
Xatırladaq ki, B. Nemtsov fevralın 27-də gecə saatlarında Kremlin yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Hadisə baş verən zaman onun yanında ukraynalı fotomodel Anna Duritskaya olub. Rusiya İstintaq Komitəsi B. Nemtsovun qətlində 5 nəfərin şübhəli şəxs qismində saxlanıldığını açıqlayıb. Martın 8-də Basman Rayon Məhkəməsinin qərarı ilə saxlanılanlar Həmzət Baxayev, Tamerlan Əsgərxanov, Şahid Qubaşev, Anzor Qubaşev və Zaur Dadayev barəsində həbs-qətimkan tədbiri seçilib./apa/