Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) "qara qızıl" hasilatını azalıb.
Məlumata görə, buna səbəb Səudiyyə Ərəbistanı və İraqın istehsalı azaltması olub. Bildirilib ki, təşkilatın gündəlik neft tələbatı sentyabrda 31,76 milyon barrel olduğu halda, oktyabrda bu göstərici 31,64 milyon barrelə qədər azalıb.
Neft hasilatının azalması ilə bağlı xəbərlər OPEC-in 21 oktyabr toplantısından əvvəl yayılmağa başlayıb. Bu yolla dünya bazarında neftin qiymətinin qalxmasına nail olmaq planlaşdırılırdı.
Hasilatın azaldılması haqqında təklifi isə aşağı neft qiymətlərindən ən çox əziyyət çəkən ölkələrdən biri olan Venesuela edib.
Ölkənin keçmiş neft sənayesi naziri Rafael Ramires bildirib ki, əgər neft istehsalı azaldılarsa, neftin bir barrelinin qiyməti ilkin mərhələdə 70 dollara qədər, ikinci mərhələdə isə 100 dollaradək arta bilər.
Rafael Ramires - Venesuelanın keçmiş neft sənayesi naziri
Lakin bu mexanizm də neftin qiymətinin qalxmasına kömək etməyə bilər. Çünki ABŞ və Səudiyyə Ərəbistanı topladıqları neft ehtiyatını bazara çıxarmaq istəyirlər.
Bununla bağlı hətta Birləşmiş Ştatların prezidenti Barak Obama Konqresə təqdim etmək üçün qanun layihəsi də imzalayıb.
Layihə təsdiqlənərsə ABŞ öz strateji neft ehtiyatı anbarından (SPR - Stratejic Petroleum Reserve) 2018-2025-ci illər ərzində ümumilikdə 101 milyon barrel neft satışı həyata keçirəcək.
Eyni zamanda Çinin də neft ehtiyatı var. Lakin o, neftini dünya bazarında satan ABŞ və Səudiyyə Ərəbistanından fərqli olaraq, bu ehtiyatı öz daxili tələbatını ödəmək üçün sərf edir.
ABŞ və Səudiyyə Ərəbistanının neft ehtiyatı
Bununla belə "qara qızıl"ın qiyməti ilə bağlı nikbin proqnoz verənlər də var. Xüsusilə Rusiyanın energetika sahəsi üzrə mütəxəssisləri 2016-cı ilin ikinci yarısında neftin qiymətinin 60 dollardan yuxarı qalxacağını ehtimal edirlər.
Bəziləri isə şist nefti istehsal edən ABŞ-ın neft bazarından sıxışdırılıb çıxarılacağı təqdirdə qiymətin 100 dollara qədər qalxa biləcəyini də istisna etmirlər.Amma bu real görünmür.
Lakin hələlik neftin qiyməti 50 dollar ətrafında dəyişməyə davam edir. Çünki bu il oktyabrın 21-də OPEC-in iclasında neft hasilatını azaltmaq, bu yolla neftin qiymətinin qalxmasına təkan vermək məsələləri müzakirə edilsə də, ABŞ və Səudiyyə Ərəbistanının dünya bazarına əlavə xam neft çıxarması hasilatın azaldılması mexanizminin effektivliyini zəiflədir.
Bundan başqa, neftin qiymətinə İran faktoru da müəyyən qədər təsir edə bilər. Çünki cənub qonşumuz sanksiyaların ləğvindən sonra neft bazarına daxil olmaq niyyətindədir.
İran dünya neft bazarına sutka ərzində ən az 500 min barrel neft çatdırmağı planlaşdırır. Bu iki amil də dünya bazarında neft "bolluğuna" və qiymətin aşağı səviyyədə qalmasına səbəb olur.
Hazırda dünya bazarında neftin qiyməti 50 dollardan aşağıdır. Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Layt" markalı neftin bir barrelinin qiyməti 1,44 dollar ucuzlaşaraq 46,36 dollar, Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,55 dollar azalaraq 48,60 dollar olub.
London birjasında "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,84 dollar ucuzlaşaraq 49,35 dollar təşkil edib./anspress/