Neft ərzağı ucuzlaşdırdı (VİDEO)
12.08.2015 536 0.0 0

Dünya Bankı neftin qiymətilə bağlı bədbin proqnoz açıqlayıb. Qurumun açıqlamasında deyilir ki, İranın dünya bazarına tamamilə geri qayıdışı bazara gündəlik əlavə 1 milyon barel neft çıxmasına səbəb olacaq. 

Bu vəziyyətdə isə gələn il neftin qiyməti təxminən 10 dollar aşağı düşə bilər. Amma “qara qızılın” dəyərdən düşməsi dünyada digər pozitiv proseslərə rəvac verib. Ərzaq ucuzlaşmağa başlayıb. Maraqlıdır ki, Azərbaycanda bunun əksi müşahidə olunmaqdadır.

ANS TV-nin məlumatına görə, Mərkəzi Bankın bu ilin ilk yarısına dair pul siyasəti icmalında da qeyd olunduğu kimi 2015-ci ilin əvvəlindən dünyada ərzaq qiymətləri 10,4% aşağı düşüb. Bu isə neftin ucuzlaşmasına görədir.

“Qara qızılın” bundan sonra da ucuzlaşması ərzaqları əlavə 10% də ucuzlaşdıra bilər. Neft və neft məhsulları istehsal prosesinin əsas xərc komponentlərdən olduğundan bu xərcin azalması məntiqi olaraq qiymətin də enməsinə səbəb olub. 

Amma eyni dövrdə Azərbaycanda əsas qida məhsullarının qiyməti əksinə artıb. Rəsmi məlumata görə, bu ilin 6 ayında çörək məmulatları və yarmalar 9,5%, yağlar 11,8%, meyvələr 10,5%, qəhvə, çay, kakao 9,4% bahalaşıb. Bu qəribə mənzərənin səbəbi isə Azərbaycanda yanacaq qiymətlərinin dövlət tərəfindən tənzimlənməsilə izah olunur. 

Yerli istehsalçılar yanacağı əvvəlki qiymətilə aldığından məhsulun maya dəyəri dəyişmir. Ən qəribəsi isə xaricdə ucuzlaşan malların Azərbaycana idxal olunarkən qiymətinin enməməsidir.

“Bu daha çox ölkə bazarlarına məhslları gətirilməsində mövcud olan inhisarçılıqla bağlıdır. Eyni zamanda ölkəyə yalnız məhsulun gətirilməsi deyil, həm də bazarlarda bu inhisarçılıq özünü göstərir. Bu halla dərmanların qiymətində özünü göstərdi. Belə ki, Tarif Şurası dərmanların qiymətini tənzimləyərkən məlum oldu ki, Azərbaycanda elə dərmanlar var ki, digər ölkələrə nisbətən 3-4, hətta 10 dəfə baha satılır”, – deyə iqtisadçı Azər Mehdiyev bildirib. 

Hesab olunur ki, xaricdə ucuzlaşan malların Azərbaycanda da qiymətinin enməsi üçün bütün bu maneələr aradan qaldırılmalı və rəqabət mühiti olmalıdır. 

Neftin ucuzlaşmasının yerli istehsala təsiri isə yaxın vaxtlarda gözlənmir. Çünki hökumətin neft məhsullarının qiymətini endirməsi real sayılmır. 

Neftin qiymətinin enməsindən dövlət büdcəsi onsuz da kəskin itkilərə məruz qalıb. Yanacağın qiymətinin enməsi isə həm SOCAR-ın, həm də büdcənin vəziyyətini ağırlaşdıra bilər./anspress/

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar