Səudiyyə Ərəbistanının neft ehtiyatları əhəmiyyətli dərəcədə azalaraq, 2014-cü ilin avqustundan bu yana minimum həddə çatıb. APA TV-nin xəbərinə görə, əsas faktor daxili tələbatın artmasıdır.
Səudiyyə Ərəbistanının neft ehtiyatları barədə son məlumat dünyaca məşhur analitik qrup olan JODI tərəfindən açıqlanıb.
Statistikaya əsasən, ötən ilin oktyabr ayından cari ilin mayına qədər olan dövr ölkənin neft ehtiyatı üçün son 15 ilin ən uzunmüddətli azalma dövrü kimi yadda qalıb. Belə ki, ehtiyatlar 289 milyon barelədək azalıb ki, bu da təqribən 12 faizlik göstəricidir.
"The Wall Street Journal" tərəfindən rəyi soruşulan ekspertlər ölkədə artan daxili tələbatın fonunda Səudiyyə hakimiyyəti hasilatı artırmağı deyil, mövcud neft ehtiyatlarını işə salmağı qərarlaşdırdığını hesab edirlər. Bu addımın neft bazarında mövcud stabil vəziyyəti qoruyub-saxlamaq məqsədi daşıdığı ehtimal olunur.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında neftin hasilat göstəricisi bir ildir dəyişməz olaraq sutkada 10,14 milyon ilə 10,28 milyon barel arasında qərarlaşıb.